“Əlavə vəsaitin olması şagirdin dərs yükünü artırır“ - EKSPERT NARAZILIQ ETDİ

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ümumi təhsil müəssisələri üçün dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması qaydası var. Bu qayda əsasında da Elm və Təhsil Nazirliyinə tabe qurumlar təhsil müəssisələrində təhsil alanların vahid vəsaitlərlə təmin olunmasını həyata keçirir, yəni dərsliklər pulsuz verilir. Amma bununla paralel müvafiq olaraq bəzi təhsil müəssisələrində dərsdən kənar tapşırıqlar verilir və həmin tapşırıqlar dərslikdən fərqli olaraq digər vəsaitlərdə daha çoxdur. Buna görə də təhsil verənlər təhsilalanların daha çox dərsə yönəlmələri üçün əlavə vəsaitlərdən istifadə edilməsini bildirirlər. Bunu da daha çox paytaxt və digər iri şəhərlərin məktəblərində müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, bəzi hallarda əlavə vəsaitlərdən istifadə narazılıqla qarşılanır: “Əlavə vəsaitin olması şagirdin dərs yükünü artırır və bu dərs yükünün artımı da şagirdləri dərs prosesindən uzaqlaşdırır. Şagirdlər də verilən ev tapşırıqlarının çoxluğuna etiraz edirlər. Buna görə də artıq tənzimləyici funksiyanı məktəb rəhbərliyi həyata keçirməlidir. Artıq bacardığımız qədər ev tapşırıqlarının verilməsini məhdudlaşdırmalıyıq, xüsusilə də ibtidai siniflərdə bu qayda tamamilə aradan qaldırılmalıdır.

Nazirliyin çap etdiyi vəsaitlərdə müəyyən çalışmalar var, yəni şagirdlər həmin çalışmaları yerinə yetirdikdə də mövzu ilə bağlı məlumata sahib olurlar. Amma təhsilverənlərin əlavə vəsaitlərdən tapşırıqlar verməsinin səbəbi şagirdlərin daha çox öyrənməsi və evdə daha səmərəli vaxt keçirməsinin təmin edilməsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə