Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə tələbələrin “Atma, yarat!” adlı ekosərgisi və ağacəkmə aksiyası keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ADPU-dan bildirilib ki, sərginin açılışında çıxış edən fakültənin dekanı dosent Reyhan Ağayeva bu tədbirin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunduğunu bildirib. O, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən birinin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olduğunu xatırladıb, yaşıl iqtisadiyyata və yaşıl enerji təchizatına keçidin Azərbaycan iqtisadiyyatının prioritet məsələlərindən olduğunu vurğulayıb, hər kəsi tullantılardan səmərəli istifadəyə, təbiəti qorumağa səsləyib.
Sərgi çərçivəsində fakültə tələbələrinin müxtəlif tullantı materiallarından hazırladıqları incəsənət əsərləri, heyvan maketləri, rəsm əsərləri nümayiş etdirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, ətraf mühitin mühafizəsi planetimizin gələcəyi üçün kritik önəm daşıyır. İqlim dəyişikliyi, ekosistemlərin pozulması və təbii sərvətlərin plansız istismarı insanın təbiət qarşısında məsuliyyətini daha da artırmalıdır.
Rektor qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizdə müvafiq sahədə aparılan işlərə qlobal arenada olan rəğbətin təzahürüdür.
Daha sonra ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında tullantılardan hazırlanmış “National flora” adlı geyim sərgisi nümayiş olunub.
Sonda universitet rəhbərliyi və tələbələrin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirilib, tədbirin təşkilində fərqlənən tələbə və şagirdlər təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə