Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi olub - YENİLƏNİB - FOTOLAR

Bu gün, oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış tədbirində Azərbaycan təhsil nazirinin müavini Həsən Həsənli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə ve Azərbaycandan iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri, kamu kurum ve kuruluşlarının təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyə Beynəlxalq Maarif vəqfinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

İlk çıxışı ilə Türkiyə Maarif Vəqfinin sədri Prof. Birol Akgün tədbirin rəsmi hissəsini açıq elan edib: "Bu qardaşlığın təməllərini ancaq təhsillə gücləndirə bilərik. Türk və Azərbaycan qardaşlığı əbədidir. Son Qarabağ müharibəsi bizi daha da yaxınlaşdırıb. Bizim işimiz təhsildir. Bundan sonrasını burdakı təhsil işçilərinə veririk. İndilik 54 ölkədə məktəbimiz var. 193 ölkədə bu məktəbləri açmaq istəyirik. 54 min şagirdimiz var. Türkcənin daha yaxşı yayılması üçün bu məktəbləri açırıq".

Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş “Bilim-Maarif” otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu irfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib ərdəmli insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəndə 52 mindən çox şagird təhsil alır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə