"Şagirdlərin yüklənməsi göz qabağındadır" - EKSPERT TƏNQİD ETDİ

"Azərbaycan məktəblərində şagirdlərin dərs yükü çoxdur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, təhsili yaxşı inkişaf etmiş ölkələrinin böyük əksəriyyətində orta təhsil 12 ildir: "Belə təsəvvür edin ki, 12 il ərzində keçiriləcək materialı bizim şagirdlər 11 ilə öyrənməlidir. Şagirdlərin yüklənməsi göz qabağındadır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun tərtib edilən fəaliyyət planına əsaslansaq əslində Azərbaycan məktəbləri 12 illik təhsilə bir neçə il bundan əvvəl keçməli idi.12 illik təhsilə keçirilməmənin səbəbi ictimaiyyətə məlum deyil. Şagirdlərin məktəb çantalarının ağır olmasının əsas səbəbləri dərs proqramlarında yer alan çoxsaylı dərsliklər, iş dəftərləri və əlavə materiallardır. Əsas problem çox sayda kitabın bir yerdə daşınmasıdır".

"Elektron dərs vəsaitlərinə keçmək olarmı? Olar. Elektron dərs vəsaitlərinə keçmək üçün müəyyən çətinliklərimiz var. Bütün şagirdlərin bərabər şəkildə planşet, kompüter çıxışı yoxdur. Məktəblər texniki dəstəklə tam təmin olunmayıb. Bəzi müəllimlər texnoloji vasitələrdən dərs keçməkdə kifayət qədər təcrübəyə malik deyil.

Müəllimlərimiz hələ də ənənəvi üsullara üstünlük verir. Yararlı elektron dərs materialları tam hazır deyil və ya geniş yayılmayıb. Bəzi valideynlər elektron vasitələrin istifadəsinə qarşı çıxır. Uşaqların texnologiya ilə çox vaxt keçirməsinin sağlamlıqlarına mənfi təsir edə biləcəyindən narahatdırlar. Problemin var. Həlli üçün müəyyən optimal mexanizm hazırlanmalıdır. Problemin həlli üçün dövlət dəstəyi, investisiya və təhsil sistemində müasir texnologiyaların inteqrasiyası lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə