Turizm məkanlarını seçərkən nələrə diqqət yetirməliyik? - ARAŞDIRMA

Turizm iqtisadiyyatın ən davamlı inkişaf edən sektoru kimi beynəlxalq xidmət ticarətinin yüksək gəlirli və ən dinamik sektorlarından birinə çevrilib. İnvestisiyaların səmərəliliyi də daxil olmaqla əsas göstəricilərə görə turizm neft sənayesi ilə müqayisə edilir. Turizm qlobal ümumi məhsulun təxminən 11%-ni, dünya ixracının 6%-ni, qlobal investisiyanın 7%-ni, hər 16-cı iş yeri və bütün vergi gəlirlərinin 5%-ni təşkil edir. Dünyanın bəzi ölkələrində bu rəqəmlər kifayət qədər əhəmiyyətlidir. 1980-ci illə müqayisədə dünya turist axınının tutumu 65%, gəlirləri isə 74% artmışdır.

Turizm müxtəlif xüsusiyyətlərə malikdir, eyni zamanda iqtisadi, sosial, siyasi, humanitar və digər funksiyaları yerinə yetirir. Təkcə ayrı-ayrı regionlarında deyil, bütün ölkə üzrə iqtisadiyyatın səmərəli sektorudur.

Beynəlxalq turist səfərləri 937 milyon, turizmdən daxilolmaların isə 1,1 trilyon qədər artacağına proqnozlar verilir. 2022 -ci ildə 1,8 milyard insanın məşhur şəhərlərə, məşhur kurortlara və tarix və mədəniyyət abidələrinə səyahət edəcəyi, otel və turizm xidmətlərindən əldə edilən gəlirin təxminən 2 trilyon dollar təşkil edəcəyi gözlənilir. Bu o deməkdir ki, yeni iş yerləri açılacaq, milyonlarla insan işlə təmin olunacaq. Beləliklə, əgər 1998-ci ildə qlobal turizm sənayesində təxminən 115 milyon insan məşğul idisə, 1999-cu ildə - artıq 270 milyon insan, 2022-ci ildə isə 550 milyon iş yeri açılacaqdır. Bütün bunlar onu göstərir ki, turizm dünyada tərəqqinin lokomotividir. Bütün bu məlumatlar turizm sənayesinin fəaliyyətinin birbaşa iqtisadi təsirini xarakterizə edir. Məsələn, 2005-ci ildə yalnız 15 və daha yuxarı yaşda olan avropalılar xaricə 370 milyon səfər edib, onlardan 245 milyonu (66%) bayram və istirahət günlərində, 88 milyonu (24%) dost və ya qohumlarını ziyarət edib, 37 milyonu (10%) biznesin inkişafı üçün səyahətə çıxmışdır.
Turizm qeyri-istehsal sahəsinə aiddir, çünki xidmətlər əsas mübadilə obyektidir və müxtəlif turizm bazarlarında ümumi satışın 80%-ni təşkil edir. Böyük valyuta gəlirləri mənbəyi, ölkə əhalisinin məşğulluğunun təmin edilməsi vasitəsidir. Ölkəyə daxil olan hər bir turist orta hesabla 9 iş yeri yaradır və ev sahibi ölkədə hər səfərə müəyyən məbləğdə pul qoyur.

Turizmdən əldə olunan gəlirlər iqtisadiyyatın 32 sahəsi üzrə müəssisələrə gedir. Turizmin inkişafı yeni ziyarət edilən ərazilərin yaranması hesabına baş verməlidir, çünki dünya turizm bazarının ənənəvi sahələri demək olar ki, rekreasiya imkanları həddinə çatıb. Belə ki, son illərdə işgüzar səfərlər bir qədər artıb və ümumilikdə bazar payını azaldıb.

Azərbaycan turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik olan ölkə hesab olunur. Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün yetərli qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri hesab olunur. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılmışdır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov SİA-ya açıqlamasında 2020-ci ildən başlayaraq ölkəmizdə və dünyada pandemiya baş verəndən sonra bir çox sahələrdə ciddi ziyan dəydiyini qeyd edir.
Ən çox ziyan görünən sahələrdən biri də turizmdir. Turizm sıfır vəziyyətinə gəlib çatdı. Ölkədə sərhədlər bağlandı. Bütün bunları nəzərə alaraq 2020-ci ili turizm üçün əlverişsiz bir il kimi dəyərləndiririk. Sonradan 2021-ci ildə mərhələli şəkildə müəyyən irəliləyişlər oldu, qapanmalardan azad olunduq. Bununla əlaqədar həm ölkəyə gələnlərdə, həm də ölkədən çıxan turistlərdən artımlar müşahidə elədik. Amma yenə də bu kifayət etmir, əldə olan göstəricilər çox az idi. 2022-ci ildə isə artıq 100-dən artıq ölkə ilə sərhədlərimiz açıqdır və hava yolları da açılıb. Həmçinin ölkədaxili turizmdə böyük canlanma müşahidə edirik. Pandemiyadan öncəki illəri, yəni 2019-cu il ilə müqayisə elədikdə biz hazırda turizmin canlanmasında həmin səviyyəyə çata bilməmişik. Əlimizdən gələni edirik ki, bu sayı maksimuma çatdıraq. Həmin ildə 3 milyona qədər turist gəlmişdir, növbəti illərdə bunun 2 və ya 3 qatını artırmağı planlaşdırırdıq, amma təssüflər olsun ki pandemiya bu işləri biraz yubatdı. Amma qarşıdakı illərdə nəzərdə tutduğumuz rəqəmlərə çatdıracağımıza proqnoz verə bilərik. Bu il insanlar daha çox bölgələrə istirahətə gedirlər və mən deyərdim ki, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ kimi bölgələr daha çox turistlərin marağına səbəb olur. Bu da ona görədir ki, bu rayonlar paytaxta daha yaxındır. Öncələr Quba, Qusar, Xaçmaz zonalarında da turizm axını çox idi, lakin hazırda orda yol təmir işləri həyata keçirildiyi üçün insanlar biraz uzaqlaşıb sadaladığım bölgələrə üz tuturlar. Axın edən insanların sayı bölgələrə görə dəyişir. Hal-hazırda ölkə daxilində istirahət edən turistlərimiz xaricə gedənlərdən çoxdur. Həftəsonları monitorinq aparılan zaman görürük ki, otellərin sayı maksimum həddə çatır. Hətta elə bölgələr olur ki, ümumiyyətlə yer tapmaq mümkün olmur. Bu baxımdan götürsək həm həftə sonları, həm həftə içləri məzuniyyətə çıxanlar olur ki, onlar məhz daxili turizmə daha çox üstünlük verirlər. Pandemiyadan sonra özləri də şahid oldular ki, ölkədə istirahət daha sərfəli, rahat və yaxındır.

Ölkəmizdə turizmin inkişafında davamlı şəkildə tədbirlər aparılır. Buna baxmayaraq müəyyən vaxtlarda neqativ hallarla qarşılaşırıq. O qədər dələduzlarla mübarizə aparsaq da belə hallar turizmin inkişafına mənfi təsir göstərir. Ümid edirik ki, yaxın günlərdə yeni qəbul edilmiş qanuna əsasən rezerv xidmətinin fəaliyyəti başlayacaq və bunun meyarları açıqlanandan sonra bu kimi dələduzluq şirkətlərinin qarşısı maksimum dərəcədə alınacaq.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə qeyd edir. Deyə bilərik ki, pandemiya dövründə müxtəlif bazarlara əlaqələrin yenidən qurulması, ikitərəfli virtual görüşlər, sərgilər və digər tanıtım vasitələri bir neçə il də davam etdirilməliydi. Dünyanı çərçivədə saxlayan bu xəstəlik demək olar ki, turizmə də öz mənfi təsirlərini göstərdi. Həm ölkələrarası əlaqələrin məhdudlaşdırılması və eyni zamanda müxtəlif turizm obyektlərinin fəaliyyətlərinin dayandırılması kadr cəhətdən də özünü göstərdi. Uzun illər bu sahədə mütəxəssisləşmiş kadrların yan sahələrə üz tutması halları ilə də qarşılaşdıq.

Bölgələrdən Quba-Xaçmaz istiqaməti, Lənkəran-Astara istiqamətində daha çox intensivlik müşahidə olunur. Müxtəlif festivalların həyata keçirilməsi də bölgələrə gələn turistlərin sayına öz təsirini göstərdi. Belə ki, Gəncə istiqamətində də bir sıra layihələr həyata keçirilir. Hal-hazırda əsasən quru sərhədlərin bağlı olması da ölkədaxili turizm sahəsinə gəlmələrinə mənfi təsirləri var. Bu gün xaricdən ölkəyə gələn turistlərin digər illərlə müqayisədə ilin sonuna kimi artımı gözlənilir. Pandemiya dövründə fürsətlərdən biri o oldu ki, ölkədaxili səyahətlərin sayı artdı. Xaricə gedənlərin sayı çoxluq təşkil etsə də, sezonda biletlərin qiymətlərinin baha olması, həm həftəsonları, həm də bayram günlərində ölkədaxili turizmə yol açmışdır. Hətta yer məhdudluğu hiss olunur. Pakistan, Hindistan kimi körfəz ölkələrindən, İsraildən gələn turistlərin sayında da çoxluq var. Bu sahədə böyük bazarlar Rusiya-Ukraynaya məxsus olduğundan müharibənin də Azərbaycan turizm sahəsinə mənfi təsirləri olmuşdur. 2021-ci illə müqayisədə bu illərdə 25 faiz artım müşahidə olunub. Biz 2019-cu ilin rəqəmlərinə yaxınlaşmalıyıq və qabaqdakı əsas hədəflərdən biri də 2/3 il ərzində 5 milyon turistin gəlişinə imza atmaqdır.

Bəs istirahət bölgələrində yerləşən istirahət mərkəzlərində, hotellərdə vəziyyət necədir?

"Bizdə keçən ilə baxanda bu il turist axını çoxdur həm daimi müştərililərimiz var, həm də hal-hazırda Dubaydan gələn qonaqlarımız çoxdur və hər gün demək olar ki, mərkəzimiz doludur, boş yerlər olmur".
Bu sözləri Qusar rayonunda yerləşən məşhur hotellərdə biri "Zam-Zam" otelin meneceri Fərid Babayev bildirib.

"Bizim otel elə də çox müddət deyil fəaliyyət göstərir, təzə açılıb ümumi 8 otaqdır. Oteldəki otaqlar 4 nəfərlik, 3 nəfərlik və 2 nəfərlik otaqlardır. Qiymətlərə gəldikdə isə 2 nəfərlik otaq 90 AZN, 3 nəfərlik-110 AZN, 4 neferlik 130 AZN təşkil edir"-deyə, otelin meneceri bildirib.

Müsahibə aldığımız yerlərdən biri də, Lerik rayonunda yerləşən "Çeşmə" ailəvi istirahət mərkəzidir.
Mərkəzin rəhbəri Satulla Rəhmanov bildirir ki, mərkəzimizdə istirahət edənlər daha çox tur şəklində gəlirlər. Bu təkcə bizim mərkəzə aid deyil, ayrı istirahət mərkəzlərinə, restoranlara gedəndə də Lerik rayonu üzrə daha çox turların təşkil edildiyinin şahidi olmuşuq. Bu hal altı-bazar günlərində daha çox müşahidə olunur. Amma ümumi götürsək tur şəklində gələn turistlər restoran sahibləri üçün elə də əlverişli deyildir. Çünki turlar sadəcə gəzmək, görmək və şəkil çəkdirməyə gəlirlər. Həftəsonları turlar çoxluq təşkil edəndə bəzi restoran sahibləri olur ki, tur şəklində qəbul etmir. Çünki onlar hər şeyi özləri ilə gətirirlər, meşə tərəflərdə piknik eləməyə gələnlər çox olur. Müşahidələrdən görürük ki, gələnlərdən çoxu gəzməyə, buradakı şəlalələrə getməyə, tarixi yerlərə ziyarətlər etməyə üz tuturlar. Yemək zamanı gəlib, sonra təzədən ziyarət edəcək yerlərə qayıdır. 15/20 illik bəzi restoranların tur şəklində qəbul etməməsinə əsas səbəblərdən biri də piknik elmək üçün gedib oturduğu meşənin və ya həmin istirahət mərkəzinə məxsus sahənin çirkləndirməsi və təbiətə ziyan vurmasıdır.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə