Güzəştli kreditlərə sahibkarların əlçatanlığı - ARAŞDIRMA

Sahibkarlığın inkişafında dövlətimizin maraqlı olduğu günün reallığıdır və ölkəmizdə sahibkarlara dövlət dəstəyinin göstərilməsi prioritet məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, idxaldan asılılığı minimuma endirmək, ölkədə məhsul bolluğu yaratmaq, hətta bunun sayəsində ixrac potensialını da artırmaq iqtisadiyyatın güclənməsinə zəmin yaradır, vətəndaşların məşğulluq səviyyəsinin artmasına, bunun fonunda da rifah halının daha da yaxşılaşmasına geniş imkanlar açır. Məhz bu baxımdan hətta kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədi ilə dövlət tərəfindən güzəştli kreditlərin ayrılmasına xüsusi önəm verilir, dəstək göstərilir ki, bu da əlbəttə davamlı olaraq öz müsbət nəticələrini göstərməkdədir.

Maraqlıdır, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, yaxud məşğul olmaq istəyənlərin dövlət tərəfindən ayrılan güzəştli kreditlərə əlçatanlığı qənaətbəxşdirmi? Dövlət tərəfindən ayrılan, verilməsi nəzərdə tutulan güzəştli kreditlər hərhansı bir sahibkarlıq subyekti, ya da sahibkarlıqla məşğul olmaq niyyətində, həm də bu fəaliyyətlə məşğul olmaq potensialında olan subyektlər üçün əlçatandırmı? Sahibkarların bu tip güzəştli kreditlərdən istifadə imkanları, bu kreditləri almaq imkanları varmı? Sözsüz ki, əgər bu kimi güzəştli kreditlərdən sahibkarlar istifadə edə, yararlana bilirlərsə, deməli, həmin kreditlərin alınması, sahibkarların güzəştli kreditlərə əlçatanlığı tənzimlənir və dövlətin dəstəyi də təkzib edilə bilməz.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Dəyişikliklər edilən yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, çayçılıq, bağçılıq və digər sahələr olmaqla, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının, əlçatanlığının artırılmasıdır.

Sahibkarlığın inkişafına dövlət dəstəyi, güzəştli kreditlərin ayrılması, bu kreditlərə sahibkarların əlçatanlığı ilə bağlı Səs İnformasiya Agentliyinə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov öz münasibətini bildirib. İqtisadçı-ekspert vurğulayıb ki, bu məsələ prioritet məsələlərdəndir.

“Sahibkarlığın inkişafı baxımından güzəştli kreditlərin həcminin artırılması və xüsusən də kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi vacib və prioritet məsələlərdəndir. Nəzərə alaq ki, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması ilə bağlı xüsusi tədbirlər həyata keçirildi və xüsusən elektron kredit portalı vasitəsi ilə yarım milyard manatlıq güzəştli kredit təklif olundu. Burada da əsas məqamlardan biri həmin kreditlər üçün praktik olaraq girovun tələb olunmaması, həmin kreditlərlə alınan məhsulun, xüsusən texnologiyanın özünün girov kimi çıxış etməsi ilə bağlıdır və bu təbii ki, sahibkarların güzəştli kreditlərə çıxış imkanının artırılması baxımından vacibdir.

Sözsüz ki, həm güzəştli, həm də bütövlükdə kreditlərə çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Xüsusən, statistika göstərir ki, bu gün 16 milyard manatlıq kredit portfelinin bütövlükdə 80 faizi banklar tərəfindən Bakıda fəaliyyət göstərən sahibkarlara və vətəndaşlara təklif olunur. O baxımdan xüsusən bölgələrdə fəaliyyət göstərən sahibkarların da yalnız güzəştli deyil, həm də kommersiya banklarının biznes kreditlərinə çıxış imkanlarının genişləndirilməsi olduqca vacibdir. Bu kontekstdən, xüsusən də İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan elektron kredit portalından və eləcə də yeni girov mexanizmindən daha geniş istifadə olunması və digər qurumlar tərəfindən oxşar praktikanın tətbiq edilməsi məqsədəuyğun olardı. Ona görə də, o baxımdan bu gün sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması müşahidə olunur, amma təbii ki, bu prosesin davamlı və sistemli şəkildə genişləndirilməsi prioritet məsələlərdəndir”, deyə Vüqar Bayramov bildirib.

Əslində, söhbət güzəştli kreditdən getdiyi halda bu məlumatın açıq olması gərəkir. Yəni, krediti verən qurumun saytında, yaxud quruma məxsus resurslarda bu haqda məlumat verilməlidir ki, bu halda kreditlər daha əlçatan olsun. Bununla yanaşı, məlumatların olması kreditlərin alınması istiqamətində sağlam rəqabət deməkdir və bu halda kimlərin kredit ala bildiyi, kimlərin ala bilmədiyi, digərləri niyə aldı, amma mən ala bilmədim, kimi suallar ortaya çıxmaz. Məhz bu baxımdan, zənnimizcə sahibkarlar üçün bu məlumatların açıq olması da kreditlərə əlçatanlığa təsir edən amillərdən hesab olunur.

Son zamanlar kreditlərin ayrılmasında, kreditlərə əlçatanlığın təmin olunmasında daha əlverişli, müsbət tendensiyalar müşahidə olunur ki, bu da bir sıra istiqamətlərdə sahibkarların kredit almaq imkanlarını genişləndirir. Məsələn, daşınmaz əmlak girovu olmayan, amma avadanlıq almaq istəyən sahibkar həmin avadanlığın özünü girov qoyaraq kredit götürə bilir. Bir sıra kreditlər üzrə güzəşt və ümumi müddət uzadılır. Bunlar qeyd olunan müsbət tendensiyalardır. Bu dəyişikliklər daha çox kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunacaq. Bütün bunlardan da əlavə, dövlət alınacaq kreditlərin 60 faizinə zəmanət verəcək, eyni zamanda həmin kreditin faizinin yarısını ödəyəcək. Sözsüz ki, sadalananlar ciddi yeniliklərdir. İndi əsas, maraqlı məsələ budur ki, həmin kreditlərə hamının əlçatanlığı təmin edilirmi? Ortada Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlər təcrübəsi var və kreditlər də kifayət qədər ciddi güzəştlər, əlverişli şərtlərlə verilir. Deməli, sahibkarların, sahibkarlıq subyektlərinin və sahibkarlıqla məşğul olmaq istəyən, bunun üçün potensialı, imkanı, şəraiti olan subyektlərin güzəştli kreditlərə əlçatanlığı qənaətbəxş hesab olunmalıdır.

Məlum məsələdir ki, güzəştli kreditlərin sahibkarlara verilməsinə həm Sahibkarlığın İnkişafı Fondu, həm də bu vəsaiti sahibkarlara verən müvəkkil bank razılıq verir. Sözsüz ki, verilən vəsaitlərə görə məsuliyyəti müvəkkil bank daşıyır və sahibkarın ödəmə qabiliyyəti, risklər də bank tərəfindən nəzərə alınır. Çünki, götürülən vəsait gələcəkdə sahibkar tərəfindən qaytarıla bilməzsə, Sahibkarlığın İnkişafı Fonduna bu vəsaiti bank özü qaytarmalı olur. Deməli, kreditlərin verilməsində qərarverici, əsas rolu daha çox müvəkkil banklar oynayırlar və kreditlərə əlçatanlığın səviyyəsi də məhz bu məqamla birbaşa əlaqədardır. Digər tərəfdən sahibkarlar öz fəaliyyətlərini qanun çərçivəsində, eləcə də şəffaf qurmalıdırlar ki, bu müvəkkil bankların kredit verilməsi ilə qərarına mənfi təsir etməsin. Əks halda, yəni sahibkarlıq fəaliyyətində şəffaflıq təmin edilmədikdə, müvəkkil banklar krediti verməyə bilər ki, bu da qeyd etdiyimiz, kreditlərə sahibkarlıq subyektlərinin əlçatanlığına təsir edən mühüm amildir.

Yola saldığımız 2021-ci il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib. Ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manatı ötüb. Bu kreditlər vasitəsiləg biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb. Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5%-dək azaldılıb. Sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqinin 2022-ci ildə də davam etdiriləcəyi gözlənilir.

Sahibkarların dövlət tərəfindən ayrılan güzəştli kreditlərə əlçatanlığı barədə iqtisadi modelləmələr üzrə ekspert, “Tag Consultancy” sirkətinin həmtəsiscisi və direktoru Həsən Quliyev öz fikirlərini Səs İnformasiya Agentliyinə açıqlamasında bildirib. İqtisadi modelləmələr üzrə ekspert güzəştli kreditlərə sahibkarların çıxışı zamanı mövcud vəziyyət barədə real vəziyyəti diqqətə çatdırıb və bu çıxışın, əlçatanlığın daha da yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edib.

“Sahibkarlara verilən dövlət kreditləri muxbir banklar vasitəsi ilə həyata keçirilir ki, bu banklar həmin kreditlərin keçirilməsində maraqlı deyillər. Çünki bu kreditlərin risqi tam olaraq muxbir bankın üzərində qaldığı üçün banklar bu kreditlərə maraq göstərməməkdələr. Bu vəsaitlər 1% banklara dövlət fondu tərəfindən verilməkdə, banklarda 5% bu kreditləri müştəriyə verməkdədirlər. Banklar bu aradakı 4% marjanın onların risklərini və xərclərini qarşılamaqda kifayət etmədiyi qənaətindədirlər.

Bu vəsaitlər həm sahibkarların mövcud bizneslərini həm də yeni yaradılacaq istehsal sahələrini dəstəkləmək üçün verilməkdədir. Amma banklar yeni layihələri start-up layihə kimi diqqətə almaqdadırlar və əgər layihəni həyata keçirən sahibkarın ikinci bir gəlir qaynağı yoxdursa bu vəsaitin onların banklarından keçirilməsinə qarşı ola bilirlər. Bir çox bankların daxili qaydalarına əsasən start-up latihələrinin maliyyələşdiriləsi qadağan edilir. Bunun digər mənası odur ki, bankların bu siyasəti bu vəsaitlərin maliyyəcə güclü quruplarda cəmləşməsinə gətirib çıxarır. Çünki yeni layihə ilə bu kreditlərə müraciət edən sahibkarların bu vəsaitlərdən istifadə edəbilmə imkanı heç olmur, əlbəttə əgər ikinci gəlir qaynağını banka təqdim edə bilmirsə. Bu işləyiş geniş mənadə təhlil edildiyində deyə bilərik ki, həmin bankların bu siyasəti iktisadiyyatın da diverfikasiya edilməsində ciddi əngəllər yaradır.

Banklar müvəkkil olacaqları bu kreditlərin ən az 100% təminat ilə təmin edilməsini sahibkarlardan tələb etməkdədirlər ki, bu da sahibkarlarda ciddi problem yaradır. Çox zaman sahibkarlar tərəfindən təqdim edilən daşınmaz əmlak tipli təminatlar banklar tərəfindən çox aşağı dəyərləndirilir ki, bu da əlavə olaraq kreditlərin istifadəsini sahibkarlara çətinləşdirir. Ciddi təminatın və ikinci gəlir qaynağının banklar tərəfindən tələb edilməsi start-up layihələrinin maliyyələşməsini demək olarki mümkünsüz edir. Yuxarıda sadalanan səbəblərə dayanaraq deyə bilərik ki orta sahibkarların bu kreditlərdən faydalanması çətinləşdiyndən böyük holdinqlərin bu kreditlərdən istifadəsi çox rahat olur. Ölkədə fəaliyyət göstərən Azersun holdinq kimi bir neçə holdinqi incələsək görərik bu holdinqlər tikdikləri zavodların əksəriyyətini dövlərtin ayırdığı güzəştli kreditlər hesabına tikmişlərdir. Amma orta sahibkarlığın çox az qismi bundan faydalana bilibdir. Bu dar boğazla əlaqədar kredit zəmənat fondu dövlət tərəfindən işə salınsada bu dar boğaz tam həllini tapmayıbdır. Digər tərəfdən banklar bu kreditlərin daha qısa müddətli verilməsi istiqamətində siyasətə üstünlük verməkdədirlər, baxmayaraq ki, dövlət vəsaitləri 10 ilə qədər verilə bilməlidir”, deyə Həsən Quliyev bildirib.

Nəticələr onu deməyə əsas verir ki, əldə olunmuş naliyyətlər sahibkarlıq üçün əlverişli şəraitin yarandığını, iqtisadiyyatın hər sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğının göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq mühiti getdikcə daha böyük sürətlə inkişaf etməkdədir və bu da ümumi iqtisadiyyatda öz çəkisini artırır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq, səmərəli tədbirlər davam etdirilir. Bütün bunlar da onu deməyə əsas verir ki, güzəştli kreditlərə çıxış imkanları, eləcə də sahibkarların bu kreditlərə əlçatanlığı baxımından imkanlar daha da genişlənəcəyinə ümidlər böyükdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə