Yayda Azərbaycan Rusiyaya, qışda isə Rusiya Azərbaycana QAZ VERƏCƏK

Azərbaycan Rusiyadan 2019-cu ildən dayandırılan qaz tədarükünü bərpa edəcək. Xüsusilə, 2023-cü ilə qədər Azərbaycan yayda Rusiyaya, qışda isə Rusiya Federasiyası Azərbaycana qaz verəcək. Tərəflər müqavilənin əhatə dairəsini və şərtlərini açıqlamır. Bu barədə Rusiyanın tanınmış “Kommersant” nəşri məqalə dərc edib.

Məqalədə çıxış edən analitiklər hesab edir ki, rəsmi Bakının Avropaya qaz ixracını artırmaq planlarını nəzərə alsaq, Azərbaycanın hasilat, daxili istehlak və ixracda qaz balansı demək olar ki, xeyli azalıb. Azərbaycan və Rusiya mövsümi təbii qaz mübadiləsi barədə razılığa gəldikdən sonra isə yaz aylarında Bakı Rusiya Federasiyasına qaz verəcək və qışda oxşar qaz həcmləri Rusiya Federasiyasından Azərbaycana gələcək. Bu, “Azerkontrakt” şirkətinin (təbii qazın alqı-satqısından məsul) açıqlamasında da öz əksini tapıb. Beləliklə, “Qazprom” ilə müqavilə imzalanıb. Müqavilənin müddəti 2023-cü ilə qədərdir. “Qazprom” yeni müqavilənin əhatə dairəsi və şərtləri ilə bağlı heç bir açıqlama vermir.

Qeyd edək ki, SOCAR dövlət neft şirkəti Azərbaycan tərəfdən müvafiq həcmdə qazın alınması və göndərilməsi barədə müqavilənin texniki icrasına cavabdeh olacaqdır. Şirkətdən bildirilib ki, tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq. Eyni zamanda, adətən qazın qiyməti qışda yaya nisbətən daha bahalı olur.

“Ölkədəki qaz hasilatının sürətlə artması fonunda Azərbaycan daxili istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qışa qədər öz qazının əlavə həcmlərini yaratmaq imkanı əldə edir”, deyə “Azerkontrakt”dan bildirilib.
Xatıqladaq ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz tədarük edirdi. İmzalanmış müqavilələrin şərtlərinə görə Azərbaycan Gürcüstan və Türkiyəyə qaz ixrac etdiyi üçün qaz istehsalını artırmağa başladı. Lakin 2017-2018-ci illərdə "Şahdəniz"in birinci fazasında qaz hasilatı azalmağa başlayanda və Türkiyə ilə Gürcüstan ixrac müqavilələrinə əsasən Azərbaycan qazından asılı olduqları üçün Rusiya ilə tədarük mübadiləsi bərpa edildi. Amma 2019-cu ildən etibarən “Şahdəniz”in ikinci fazası işə salındı. Bundan sonra Azərbaycan Rusiya Federasiyasından qaz almaqdan imtina etdi. BP-nin məlumatına görə, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 25,8 milyard kubmetr, daxili istehlak isə 11,9 milyard kubmetr təşkil edib.

Bu ilin aprelində isə Azərbaycanla Türkiyə arasında imzalanmış 6,6 milyard kubmetr təbii qazın Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə tədarükünə dair iyirmi illik müqavilənin müddəti bitib və bu günə qədər tərəflər yenidən danışıqlar apardıqlarını elan etməyiblər. Eyni zamanda, Azərbaycan TANAP boru kəməri ilə Türkiyəyə 6 milyard kubmetrə qədər qaz verir, bu qaz kəməri ilə daha 10 milyard kubmetr Avropaya - Yunanıstan, Bolqarıstan və İtaliyaya gedir.

“Skolkovo” Enerji Mərkəzinin analitiki Sergey Kapitonov qeyd edib ki, "Şahdəniz" yatağında (hər iki fazada) qaz hasilatı ildə 26 milyard kubmetrə çatmalıdır: “Bununla yanaşı, SOCAR-ın digər yataqlarından (Azəri-Çıraq-Günəşli daxil olmaqla) təqribən 10 milyard kubmetr qaz hasil olunur. Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə təbii qaz ötürüləndən sonra Azərbaycanın daxili istehlakı və ixracatdakı qaz balansı demək olar ki, sıfıra düşür”.

Cənab Kapitonov əlavə edib ki, bunun fonunda, şübhəsiz ki, Bakının “Qazprom”dan xüsusən də qış dövründə qaz idxal etməsi başadüşüləndir: “Qazprom” üçün Azərbaycana qaz tədarük etmək problem olmayacaq. Öz növbəsində, “Qazprom” yay aylarında Dağıstan üçün qaz alışı sxemini davam etdirə bilər (müqavilə 2010-2014-cü illərdə qüvvədə idi - Kommersant). Xüsusilə Azərbaycanın Türkiyə və Cənubi Avropa ölkələri üçün əhəmiyyətli bir ixracatçıya çevrilməsi fonunda Rusiya ilə əməkdaşlığın gücləndirilməsi heç də bu ölkənin ziyanına deyil”.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə