“Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yüksələcək

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı şəkildə aparılan islahatlar nəticəsində bu ilin payızında açıqlanacaq Dünya Bankının “Doing Business 2020” hesabatında ölkəmizin reytinqi bir qədər də yüksələcək. Hətta “Doing Business”in dünya ölkələrində müəssisələrin qeydiyyatı indikatoru üzrə Azərbaycanın indiki 9-cu yerdən 1-ci yerə yüksələcəyi gözlənilir. Bu sözləri AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov deyib.

Ekspert bildirib ki, əvvəlki dövrlərdə aparılmış islahatların nəticəsi olaraq Azərbaycan ötən il “Doing Business 2019” reytinqində 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəlib: “Belə nikbin proqnozlar verməyə ölkədə sahibkarlar üçün beynəlxalq standartlara uyğun daha əlverişli şəraitin yaradılması və biznes mühitinin cəlbediciliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlar əsas verir. Belə ki, indi Azərbaycanda 20 dəqiqə ərzində yeni bir sahibkarlıq subyektini elektron qaydada, heç bir məmurla birbaşa təmasa girmədən qeydiyyatdan keçirmək, müəssisə açmaq mümkündür. Həm də bunun üçün heç bir xərc tələb olunmur. Yeni qaydalara əsasən, qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər “ASAN İmza” olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Habelə dövlət qeydiyyatının aparılması (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) qeydiyyatı da daxil olmaqla) cəmi bir prosedurla tamamlanır. Dünyanın hələlik heç bir ölkəsində belə asan və mükəmməl sistem yoxdur. Bu isə cari ildə dünyada müəssisələrin qeydiyyatı indikatoru üzrə 1-ci olacağımızı deməyə əsas verir”.

Azərbaycanda biznes mühitini əhatə edən digər indikatorlar üzrə də islahatların aparıldığını bildirən M.Zeynalov, həmçinin qeyd edib ki, son illər ölkəmizdə əmlakın qeydiyyatının asanlaşdırılması, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” sisteminin, gömrükdə “Yaşıl dəhliz” qaydalarının tətbiqi, onlayn vahid ixrac ərizəsi, sahibkarların enerji şəbəkəsinə qoşulmasının asanlaşdırılması, vergi yükünün azaldılması və vergi inzibatçılığının sadələşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, elektron satınalma, kreditlərə əlçatanlıq, müqavilələrin icrası sahələrində də mühüm islahatlar aparılıb. Bütün bunları nəzərə alsaq, əminliklə demək olar ki, bu il Azərbaycanın dünya üzrə ən islahatçı ölkələr sırasında mövqeyi bir qədər yaxşılaşacaq.

Ekspert deyib: “Dünya Bankı ölkələr üzrə öz reytinq qiymətləndirmələrində sahibkarların dövlət qurumlarına hər hansı müraciəti zamanı bunun nə qədər vaxt apardığını, prosedurların sayını və xərclərini nəzərə alır. Bu sahədə prosedurlar nə qədər sadədirsə, xərc azdırsa və daha az vaxt aparırsa ölkənin reytinqi bir o qədər yüksək olur. Azərbaycanda son vaxtlar məhz bu baxımdan həmin amillərin nəzərə alınması və sadələşdirilməsi şərti ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm islahatlar aparılıb. Məsələn, tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir. Bu zaman bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır”.

M.Zeynalovun sözlərinə görə, son zamanlar Azərbaycanda sahibkarların şəbəkəyə qoşulması ilə əlaqədar elektron müraciət imkanı yaradılıb, tələb olunan vaxt qısaldılıb, prosedurlar sadələşdirilib. Əmlakın qeydiyyatı üzrə sahibkarın cəmi bir prosedurla müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv edilib, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn olaraq sahibkara göndərilir. Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlər nəticəsində işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. Vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhəddən keçməsi vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Habelə xarici ticarətlə məşğul olan sahibkarlar üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq edilib. Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ hüquqi aktlara dəyişiklik edilib. Kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər edilib, vaxt normaları müəyyənləşib.

“Əslində Azərbaycanda qeyd olunan islahatların əsas hədəfi ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılmasıdır. Aydın məsələdir ki, sahibkarlığın da inkişafı ölkədə iqtisadi artımın təmin olunmasına, yeni müəssisələrin açılmasına, məşğulluğun təmin edilməsinə, qeyri-neft sektorunun dirçəlməsinə, əhalinin rifahının yaxşılaşmasına xidmət edir”, - deyə ekspert bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə