“Füzulinin azad olunması haqlı mübarizəmizin bariz nümunəsi oldu” - ŞƏRH EDİLDİ

“Füzuli rayonunun işğaldan azad olunması İkinci Qarabağ müharibəsində strateji dönüş nöqtələrindən biri oldu. Bu ərazi düşmən tərəfindən illər ərzində ciddi şəkildə möhkəmləndirilmiş, burada güclü müdafiə sədləri qurulmuşdu. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texnoloji üstünlüyü bu planları puç etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Füzuli istiqamətində aparılan döyüşlər son dərəcə çətin və gərgin şəraitdə həyata keçirildi:

“Düşmənin hərbi mövqelərinin məhv edilməsi üçün yüksək dəqiqlikli silah sistemlərindən, pilotsuz uçuş aparatlarından və digər müasir hərbi texnikadan geniş istifadə olundu. Azərbaycan əsgəri iradə və əzmi ilə sübut etdi ki, torpaq uğrunda vuruşan xalqı heç bir sədd dayandıra bilməz. Nəhayət, 17 oktyabr 2020-ci il tarixində Prezident, Ali Baş Komandan İlham Əliyev Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edildiyini xalqımıza böyük qürur və sevinc hissi ilə elan etdi. Bu qələbə, sadəcə bir rayonun azad olunması ilə məhdudlaşmadı. Füzulinin azadlığı, həm də Şuşa istiqamətində yolun açılmasına və strateji üstünlüyün təmin olunmasına şərait yaratdı.

Füzulinin azad olunması, müharibənin gedişində psixoloji və hərbi üstünlüyün tam şəkildə Azərbaycanın tərəfinə keçməsinin simvoluna çevrildi. Bu zəfərdən sonra düşmən tərəfdə ruh düşkünlüyü daha da artdı, Azərbaycan Ordusunda isə qələbəyə olan inam və döyüş əzmi daha da gücləndi. Ümumilikdə, Füzulinin azad olunması Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və haqlı mübarizəmizin bariz nümunəsi oldu. Bu qələbə, İkinci Qarabağ müharibəsində əldə olunan ümumi zəfərin bünövrəsini daha da möhkəmləndirdi və sonrakı uğurlar üçün yol açdı. Azərbaycan, təkcə hərbi baxımdan deyil, həm də siyasi və psixoloji sahədə erməni silahlı birləşmələri üzərində qəti və əzəmətli bir qələbə qazandı”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə