“İlham Əliyevin Ağ Ev görüşü Azərbaycan diplomatiyasında yeni mərhələ açdı” - POLİTOLOQ ŞƏRH ETDİ

"8 avqust tarixində Prezident İlham Əliyevin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş region və beynəlxalq diplomatiyada yeni mərhələ kimi yadda qaldı. Bu görüş çərçivəsində Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi paraflandı, Vaşinqton Bəyannaməsi qəbul edildi və bu addımlar Donald Trampın Prezident İlham Əliyev haqqında daha dolğun təsəvvür formalaşdırmasına şərait yaratdı". Bu sözləri SİA-ya açıqlamasında politoloqa Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ kimi qlobal nüfuz sahibi ölkənin lideri digər dövlət başçıları haqqında məlumat əldə edərkən çox zaman ilkin meyar kimi onların siyasətdəki mövqelərinə, rəsmi münasibətlərinə və beynəlxalq açıqlamalarına baxır: "Lakin canlı görüşlərdə liderin xarakteri, nitqi, intellekti və insanlıq keyfiyyətləri də mühüm rol oynayır. Görüş zamanı Prezident İlham Əliyevin yüksək diplomatik məharəti, sərbəst və əhatəli ingilis dili bilikləri, etibar və hörmət doğuran münasibət qurmaq bacarığı Donald Trump üçün xüsusilə diqqətçəkici oldu və nəticədə onun lider kimi güclü obrazı formalaşdı. Bu görüşdən sonra Azərbaycan Prezidenti yalnız ABŞ tərəfindən deyil, həm də Yaxın Şərq Sülh Sammitində iştirak üçün şəxsən Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən dəvət edildi. Bu dəvətlər sadəcə rəsmi diplomatiyanın göstəricisi deyil, həm də beynəlxalq səviyyədə Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə hörmət və tanınmanın ifadəsidir.

Trampın görüş zamanı İlham Əliyevi “güclü lider” kimi təqdim etməsi həm beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirdi, həm də ölkə daxilində Prezidentə olan ictimai etimadı daha da artırdı. Bu tanınma nəticəsində Prezident İlham Əliyev təkcə daxildə deyil, qlobal miqyasda da öz liderlik imicini təsdiqlədi, xalqı ətrafında birləşdirdi, ölkənin iqtisadi inkişafı, ordunun güclənməsi və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyətlər əldə etdi. Tramp tərəfindən Prezident İlham Əliyevə Ağ Ev tərəfindən təqdim olunan simvolik hədiyyə isə diplomatik və siyasi baxımdan xüsusi məna daşıyır. Bu, ABŞ kimi güclü dövlətlərin liderləri arasında İlham Əliyevin fərqli və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

Müharibədə qalib gəlmiş bir dövlətin sülh təkliflərini irəli sürməsi asan məsələ deyil. Lakin Azərbaycan rəhbərliyi məhz belə bir strateji yanaşmanı seçərək, regionda sülh və sabitlik prosesinə ciddi töhfə vermək niyyətində olduğunu nümayiş etdirir. Ermənistanla paraflanan sülh müqaviləsi də bu siyasətin konkret təzahürüdür. Bütün bu hadisələr Prezident İlham Əliyevin 22 illik siyasi və diplomatik fəaliyyətinin məntiqi davamıdır. Onun uzaqgörən siyasəti, strateji baxışı və fərdi liderlik keyfiyyətləri sayəsində Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, bütövlükdə regionda və beynəlxalq miqyasda söz sahibi olan, sabitlik və əməkdaşlıq mərkəzinə çevrilib".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə