“Böyük Qayıdış proqramı Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür“ - ŞƏRH OLUNDU
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas dövlət sənədlərindəndir. Bu prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış məsələsidir. Sözügedən proqram Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında imzaladığı sərəncamla təsdiq edilmiş və Azərbaycanın post-müharibə dövründə həyata keçirilən ən mühüm sosial, iqtisadi və humanitar layihələrdən birinə çevrilmişdir. Proqramın əsas məqsədi 2026-cı ilə qədər 140 mindən artıq keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışını təmin etmək, eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında müasir infrastruktur və sosial rifah mühitini formalaşdırmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən dərhal sonra Prezidentin göstərişi ilə azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlanılmışdır: “İlk mərhələ minalanmış sahələr və dağıdılmış infrastruktur səbəbindən çətin olsa da, qısa zamanda enerji, qaz, su və yol təminatı bərpa edilmiş, Füzuli, Zəngilan və Laçın aeroportları istifadəyə verilmişdir.
Hazırda işğaldan azad olunmuş bütün rayon və şəhərlərin baş planları hazırlanmış, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarına uyğun bərpa layihələri həyata keçirilir. Şuşa şəhəri xüsusi status qazanaraq muzey-qoruq şəhəri elan edilmiş, həmçinin Türk və İslam dünyasının mədəni paytaxtı kimi beynəlxalq səviyyədə tanınmışdır.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinə paralel olaraq mədəni irsin bərpası da mühüm istiqamətlərdən biridir. Şuşa, Ağdam, Kəlbəcər, Laçın və digər ərazilərdə tarixi, dini və mədəni abidələr bərpa olunur. Qədim Alban xristian məbədləri, məscidlər, mədrəsələr və görkəmli ziyalıların ev muzeyləri yenidən bərpa edilir. Bu, Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyinin göstəricisidir.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dəstəyilə bərpa işlərinə beynəlxalq xarakter verilir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsini təsdiqləmiş, bu çərçivədə hər il 15 iyun tarixində Şuşada birgə tədbirlər keçirilir. Qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın dəstəyi ilə bölgədə məktəblər, mədəniyyət evləri, sosial obyektlər inşa olunur, minatəmizləmə işlərinə texniki və maddi yardım göstərilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox vətəndaş daimi yaşayışa qayıdıb və bu insanların əksəriyyəti bölgədə yaradılan iş yerləri ilə təmin olunub. Artıq azad edilmiş ərazilər dövlət büdcəsinə gəlir gətirməyə başlamışdır. Bütün bunlar göstərir ki, Böyük Qayıdış proqramı təkcə əhalinin məskunlaşması deyil, həm də dayanıqlı iqtisadi inkişaf, ekoloji kənd təsərrüfatı və yaşıl enerji siyasəti baxımından strateji əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Böyük Qayıdış proqramı Azərbaycanın suverenliyinin, milli həmrəyliyinin və müasir inkişaf modelinin təcəssümüdür. 2026-cı ilə qədər birinci dövlət proqramının tamamlanması ilə ölkə yeni mərhələyə qədəm qoyacaq, növbəti mərhələdə isə tam miqyaslı məskunlaşma və regional dirçəliş prosesi başa çatdırılacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə