Uşaqlarda hiperaktiv pozğunluq nədən qaynaqlanır? - NEVROLOQ AÇIQLADI

“Uşaqlarda hiperaktivlik çoxfaktorlu bir problemdir. Bu vəziyyətin yaranmasında bir sıra genetik, bioloji və sosial faktorlar mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında nevroloq Rəna Abbasova deyib.

Onun sözlərinə görə, genetik baxımdan yanaşdıqda, əgər valideynlərdən birində və ya yaxın qohumlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromu müşahidə olunubsa, bu zaman uşağın da hiperaktiv olma ehtimalı əhəmiyyətli dərəcədə artır: ”Belə hallarda genetik meyillilik uşağın beyin strukturlarının və funksiyalarının formalaşmasına təsir göstərərək diqqət və davranış problemlərinin yaranmasına zəmin yarada bilər.

Bioloji faktorlar arasında beynin xüsusilə alın payının (frontal lob) funksional pozğunluqları diqqətəlayiqdir. Bu beyin bölgəsi insanın diqqətini toplamaq, impulsları idarə etmək və planlama kimi icraedici funksiyalarına cavabdehdir. Alın payında olan neyrokimyəvi balanssızlıqlar və ya struktur fərqliliklər uşaqlarda diqqətin yayılması, impulskontrolun zəifləməsi və davranışın impulsiv şəkildə ortaya çıxması ilə nəticələnə bilər.

Bununla yanaşı, doğuş öncəsi və sonrası dövrdə baş verən bioloji risk faktorları da hiperaktivlik riskini artırır. Məsələn, doğuş travmaları, dölün ana bətnində oksigen çatışmazlığı ilə üzləşməsi, vaxtından əvvəl və ya aşağı çəkidə doğulması, hamiləlik zamanı ananın siqaret, alkoqol və ya bəzi dərman preparatlarından istifadə etməsi kimi hallar uşağın beyin inkişafına mənfi təsir göstərərək hiperaktiv davranışların formalaşmasına səbəb ola bilər. Həmçinin gecikmiş və ya ağır keçən doğuşlar da bu baxımdan risk amili sayılır.

Psixo-sosial faktorlar da hiperaktivlik və davranış pozuntularının inkişafında mühüm yer tutur. Ailədaxili münasibətlər, valideyn-uşaq münasibətləri, tərbiyə üsulları və sosial mühit uşağın psixoloji və emosional inkişafına güclü təsir edir. Valideynin uşağa qarşı həddindən artıq sərt, tələbkar və ya əksinə, həddindən artıq güzəştli və sərbəst davranması uşağın sərhəd tanımayan və impulsiv davranışlar göstərməsinə səbəb ola bilər. Həmçinin ailədə tez-tez baş verən münaqişələr, boşanmalar, diqqətsizlik və ya emosional soyuqluq kimi hallar uşaqlarda davranış pozuntularını dərinləşdirə bilər.

Bütün bu faktorların qarşılıqlı təsiri nəticəsində hiperaktivlik sindromu inkişaf edə bilər. Bu səbəbdən uşaqlarda hiperaktivlik müşahidə edildikdə, yalnız bir səbəbə fokuslanmaq əvəzinə, problemin kompleks və çoxşaxəli olduğunu nəzərə almaq və hərtərəfli yanaşma tətbiq etmək vacibdir. Müalicə və müdaxilə prosesi zamanı ailənin dəstəyi, məktəbin rolu, psixoloji və tibbi yardımların koordinasiyası əhəmiyyətli nəticələr əldə olunmasına kömək edə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə