“Sosial dəyişikliklər sabahın sosial problemlərinə çevriləcək“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Müasir cəmiyyətdə baş verən sosial dəyişikliklər gündən-günə daha aydın şəkildə hiss olunur. Ən nəzərəçarpan dəyişikliklərdən biri insanların ikili həyat tərzi yaşamasıdır. Bu, o deməkdir ki, insanlar eyni zamanda həm real həyatda, həm də virtual mühitdə fəaliyyət göstərirlər. Virtual həyatın bu qədər ön plana çıxması, real həyatda olan münasibətlərin və emosional bağların zəifləməsinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.
O bildirib ki, ənənəvi ailə dəyərləri getdikcə pozulur: “Əvvəllər ailə üzvləri birlikdə süfrə arxasında əyləşər, günün vacib anlarını bir yerdə keçirərdi. İndi isə texnologiyanın təsiri ilə hər kəs öz otağında, öz cihazı ilə məşğuldur. Bu, ailədaxili ünsiyyəti minimuma endirir və ailə üzvləri arasında emosional uzaqlaşma yaradır.
Qohumlar və dostlar arasında da ünsiyyət zəifləyib. Əvvəllər insanlar bir-birinin evinə gedər, saatlarla söhbət edərdi. İndi isə bu münasibətlər mesajlaşma səviyyəsinə enib. Canlı ünsiyyətin azalması, cəmiyyətin ümumi sosial aktivliyinin aşağı düşməsinə səbəb olur. Bu dəyişikliklər nəticəsində insanlar arasında sosial tənhalıq artmaqdadır. İnsanlar virtual aləmdə aktiv görünür, lakin real həyatda tənha qalırlar. Xüsusilə gənclər daha çox onlayn işlərə, şəxsi brend yaratmağa, onlayn təhsilə, və internet ticarətinə yönəlirlər. Bu da onların real ictimai mühitdən uzaq düşmələrinə gətirib çıxarır.
Geyim, davranış və ümumiyyətlə həyat tərzi də dəyişib. Əvvəllər cəmiyyətin müəyyən etik normaları, yazılmamış qanunları var idi. İndi isə bu qaydalara riayət olunmur, çünki ictimai qınaq əvvəlki gücünü itirib. İnsanlar istədiklərini edir, deyir və paylaşır. Bu da ictimai məsuliyyət hissinin zəifləməsinə gətirib çıxarır.
Ənənəvi dəyərlərin qorunması ilə bağlı vəziyyət də ürəkaçan deyil. Toy, yas, Novruz kimi mərasimlər artıq virtual formada qeyd olunur. Bayramlarda bir-birinin evinə getmək, üzbəüz görüşmək kimi adətlər onlayn görüntülü zənglərlə əvəzlənib. Bu isə milli kimliyimizin zəifləməsinə səbəb olur. Əgər bu tendensiya davam edərsə, bugünkü sosial dəyişikliklər sabahın sosial problemlərinə çevriləcək. İnsanlar arasındakı emosional bağlar, milli-mənəvi dəyərlər və ümumilikdə cəmiyyətin birliyi zəifləyəcək. Çıxış yolu isə ailədən başlayır. Ailələr, xüsusilə valideynlər, bu dəyişikliklərə qarşı tədbirlər görməli, uşaqlara birlikdə zaman keçirməyin, ünsiyyətin vacibliyini öyrətməlidir. Əgər hər bir fərd ailə daxilində ənənəvi dəyərləri qoruyub saxlayarsa, bu, tədricən cəmiyyətə də sirayət edəcək və bu gün yaşadığımız mənfi sosial dəyişikliklərin qarşısı alınmış olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə