Azərbaycan Milli Xalça Muzeyi Amerika Muzeylər İttifaqının növbəti konfransına dəvət olunub

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Vaşinqtona səfəri çərçivəsində müxtəlif aparıcı muzey və mədəniyyət qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Muzeydən SİA-ya bildirilib ki, Amerika Muzeylər İttifaqının prezidenti və baş direktoru Marilin Ceksonla görüş zamanı Əminə xanım Azərbaycan xalça sənətinin zəngin ənənələri, Milli Xalça Muzeyinin tarixi, müasir fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək layihələri haqqında ətraflı məlumat verib.

O, həmçinin muzeyin inklüziv layihəsi, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan taktil xalçaları barədə danışıb. Bu innovativ təşəbbüs Marilin Ceksonda böyük maraq doğurub. O, öz növbəsində 3400 üzvü olan Amerika Muzeylər İttifaqının fəaliyyəti, ABŞ-da muzey sahəsindəki müasir tendensiyalar və mümkün əməkdaşlıq istiqamətləri barədə də məlumat verib, Azərbaycan Milli Xalça Muzeyini Amerika Muzeylər İttifaqının növbəti konfransının iştirakçısı olmağa dəvət edib.

Əminə Məlikova Orta Şərq İnstitutunun incəsənət və mədəniyyət üzrə vitse-prezident Keyt Selye və qurumun İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru Layn Sneyq ilə görüşüb. Tərəflər xalçaçılıq irsinin müasir rəssamlar üçün ilham mənbəyinə çevrilməsi, təcrübə mübadiləsi, sərgilərin təşkili və digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Növbəti görüş Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən Tekstil Muzeyində bu mədəniyyət ocağının direktoru Con Vetenhal ilə baş tutub. Muzey direktoru qonağa yeni daimi ekspozisiya və muzey kitabxanası haqqında məlumat verib, son dövrlərdə tələbələrlə birlikdə həyata keçirdikləri layihələrdən bəhs edib. Tərəflər bu il 100 illik yubileyini qeyd edən Tekstil Muzeyinin kolleksiyasında qorunub saxlanılan nadir Azərbaycan xalçaları və tikmələri barədə də fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin nəfis nəşrlərini Tekstil Muzeyinin zəngin kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, bu cür görüşlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği və muzey sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə