“Azərbaycanın balanslaşdırılmış diplomatiyası regionda qarşıdurma risklərini azaldır” - ŞƏRH EDİLDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirdə keçirilən Sülh Sammitində iştirakı, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu bir daha nümayiş etdirdi. Bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Prezidentinin iştirakı həm regional, həm də qlobal səviyyədə ölkəmizin sülh təşəbbüslərinə verdiyi töhfəni əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan yalnız Cənubi Qafqaz regionunda deyil, həm də Yaxın Şərqdə və geniş mənada rəsmi Şərq siyasətində fəal və balanslaşdırılmış mövqeyə malikdir: “Azərbaycan dövlətinin bölgədə sülh və təhlükəsizliyin təmin olunmasındakı rolu, eləcə də beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsində artan təsiri ölkəmizin diplomatik gücünü nümayiş etdirir. Azərbaycanın Suriya, İsrail və Türkiyə kimi dövlətlər arasında qurduğu vasitəçilik missiyası, ölkəmizin sülh quruculuğunda etibarlı tərəfdaş və geosiyasi aktor kimi formalaşmasına səbəb olmuşdur. Bu, Prezident İlham Əliyevin praqmatik və çoxşaxəli xarici siyasət kursunun nəticəsidir. Azərbaycanın balanslaşdırılmış diplomatiyası regionda qarşıdurma risklərini azaldaraq dialoq və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Azərbaycanın bu siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın bəyanatlarında Prezident İlham Əliyevin böyük siyasi xadim, peşəkar diplomat və qlobal lider kimi dəyərləndirilməsi bunu bir daha təsdiqləyir. Bu, Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.
Hazırda Azərbaycan dövlətinin Yaxın Şərqdə artan rolu onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, müstəqil xarici siyasət kursunun uğuru və siyasi sabitlik modelinin tanınması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz güclü dövlət statusundan qlobal əhəmiyyətli güc mərkəzinə çevrilməkdədir.
Azərbaycanın suverenliyinin tam bərpası, ərazi bütövlüyünün təmin edilməsi və post-müharibə dövründə aparılan bərpa siyasəti ölkəmizin beynəlxalq arenada mövqelərini daha da gücləndirmişdir. Bu, həm də gələcəkdə Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rola malik olacağını göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə