Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? - EKSPERT AÇIQLADI

“Məktəblərdə psixoloqların az olması problemi hər zaman ən aktual məsələlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Murad bildirib.

Onun sözlərinə məktəblərdə psixologiya sistemi ümumiyyətlə sıfır səviyyəsindədir: “Məktəblərdə psixologiya şöbəsinin olmaması ən böyük problemlərdən biridir. Şöbə rəsmi olaraq kağız üzərində sənədlərdə var. Ancaq realda belə bir şöbə yoxdur. Şagirdlərin məktəbdə psixoloq yanına yönləndirilməsi, psixoloqun şagirdlə maarifləndirici söhbət aparması, psixoloqun şagirdi hansısa mənfi yoldan çəkindirməsi, şagirdin hansısa bir problemi varsa, psixoloqun o şagirdlə işləməsi, valideynlə əlaqəli şəkildə bu problemi aradan qaldırması kimi belə hallar yoxdur. Ona görədə şagirdlərin üzərindən müxtəlif zərərverici alətlərin aşkarlanması adi hal alıb.

Hər il müxtəlif universitetlərdə təhsildə sosial psixoloji xidmət ixtisası var. Hər il yüzlərlə tələbə bu ixtisası bitirir, məzun olur. Bu ixtisası hər il bitirən tələbələr hara gedir, nə işlə məşğul olur bəlli deyil. Yəni öz ixtisasından kənar işlərdə işləyir. Halbuki hər məktəbdə 2 psixoloq olmalıdır. Məktəblərdə psixologiya şöbəsi aktiv şəkildə işləməlidir. Məktəblərdə psixoloq çatışmazlığı aradan qaldırılmazsa, şagirdlər arasında anormal halların sayı, cinayətlərin sayı dahada artacaq. Məktəblərdə psixoloji problemləri olan şagird sayı çoxdur. Mən özüm bir övlad atası olaraq deyə bilərəm ki, övladımın oxuduğu orta məktəbdə, eyni sinifdə psixoloji problemi olan bir şagird var. Həmin şagird hələ 2-ci sinif şagirdi olmağına baxmayaraq öz yaşıdlarına hədə qorxu gəlir”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə