Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün strateji yol xəritəsidir. Müstəqil Azərbaycan Ulu Öndərin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir: “Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi”.
BDU rektorunun elm və təhsil üzrə müşaviri professor Aydın Kazımzadə çıxışında “Heydər Əliyev mühazirələri” layihəsinin əhəmiyyətindən söz açıb. O bildirib ki, 2023-cü ildən reallaşdırılan bu layihə tələbələr arasında Ulu Öndərin çoxşaxəli fəaliyyətini, ideyalarını və milli dəyərlərə əsaslanan irsini daha dərindən tanıtmaq məqsədi daşıyır.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların, sabitlik və inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin müdrik siyasi strategiyası dayanır. Onun rəhbərliyi ilə ölkəmiz dərin böhran mərhələsindən çıxaraq güclü, müstəqil və dinamik inkişaf edən bir dövlətə çevrilib.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir: “Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır, xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub”.
Sədaqət Qəhrəmanova, həmçinin Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, onun insanlara göstərdiyi diqqət və qayğının bu gün də hər bir dövlət qulluqçusu üçün örnək olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə