Universitetin üç ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq təhsil məkanında tanınma və keyfiyyət təminatı istiqamətində daha bir mühüm nailiyyət əldə edib.

SİA-nın məlumatına görə, ADNSU-dan bildirilib ki, bakalavriat səviyyəsi üzrə üç ixtisas - ekologiya mühəndisliyi, cihaz mühəndisliyi və mexanika mühəndisliyi ixtisası Almaniyanın ASIIN (Accreditation Agency for Degree Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics) təşkilatı tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu qərar ADNSU-nun tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu, ixtisas proqramlarının keyfiyyətini və davamlı inkişaf istiqamətində atdığı addımların səmərəsini bir daha təsdiqləyir.

2015–2025-ci illər ərzində ADNSU-nun bakalavriat və magistratura səviyyələrində ümumilikdə 34 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu proqramlar Almaniyanın ASIIN və FIBAA (Foundation for International Business Administration Accreditation) təşkilatları tərəfindən qiymətləndirilib və hazırda 18 ixtisasın akkreditasiya statusu aktivdir.

Bakalavriat səviyyəsində ümumilikdə 12 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Onlardan beşi FIBAA, yeddisi isə ASIIN təşkilatı tərəfindən akkreditasiyadan keçib. FIBAA tərəfindən akkreditasiyadan keçmiş ixtisaslara biznes informatikası, sənaye mühəndisliyi, kompüter mühəndisliyi, menecment üzrə biznesin idarə edilməsi və biznes iqtisadiyyatı üzrə biznesin idarə edilməsi proqramları daxildir.

ASIIN tərəfindən akkreditasiyadan keçmiş ixtisaslar sırasında mexatronika mühəndisliyi, neft-qaz mühəndisliyi, geologiya və geofizika mühəndisliyi, kimya mühəndisliyi, eləcə də 2025-ci ildə akkreditasiyadan keçmiş ekologiya mühəndisliyi, cihaz mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları yer alır.

Magistratura səviyyəsində isə ADNSU-nun altı proqramı beynəlxalq akkreditasiyadan keçib. FIBAA tərəfindən əməliyyatların idarə edilməsi (MBA), kompüter informasiya sistemləri, insan resurslarının idarə edilməsi, təşkilatların idarə edilməsi və marketinqin idarə edilməsi proqramları, ASIIN tərəfindən isə kimya mühəndisliyi (qeyri-üzvi maddələrin istehsal texnologiyası, neft-kimya sintezi və neft-emalı texnologiyası üzrə ixtisaslaşmalarla) beynəlxalq akkreditasiyaya layiq görülüb.

Qeyd edək ki, ADNSU-nun həm ASIIN, həm də FIBAA tərəfindən akkreditasiyadan keçmiş proqramları Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Reyestrinin (EQAR – European Quality Assurance Register for Higher Education) məlumat bazasında da qeyd olunub. Bu, universitetin Avropa ali təhsil məkanında tanınmasını və ADNSU diplomlarının beynəlxalq səviyyədə etibarlılığını təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə