“Düşənbə səfəri münasibətlərin gələcəyi üçün olduqca mühüm əhəmiyyət daşıyır” - ŞƏRH OLUNDU
“Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbəyə səfəri bir çox aspektlər və istiqamətlər üzrə yadda qaldı. Ən önəmli məqamlardan biri Prezidentin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü oldu. Bu görüş, uzun müddətdir Azərbaycan-Rusiya münasibətlərində mövcud olan gərginliyin müəyyən qədər yumşalmasına səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.
O bildirib ki, Rusiya Prezidenti görüş zamanı Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı etiraflar etdi, üzr istədi, günahkarların cəzalandırılacağını və təzminat ödənəcəyini bildirdi: “Bu, Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində ciddi və müsbət addım kimi dəyərləndirilməlidir.
Görüş çərçivəsində, iqtisadi məsələlər, xüsusilə də iki ölkə arasında ticarət əlaqələri, idxal-ixrac əməliyyatları və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı ilə bağlı müzakirələr aparıldı. Bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı razılaşmalar əldə olundu. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə keçirdiyi təkbətək görüş də xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı ölkələrarası münasibətlərin inkişafı və siyasi diyaloqun dərinləşdirilməsi məsələləri müzakirə olundu. MDB Dövlət Başçılarının sammiti çərçivəsində keçirilən geniştərkibli görüşlər, liderlər arasında səmimi görüntülər və dialoqlar Azərbaycanın bu təşkilat daxilində oynadığı fəal rolu və verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Azərbaycan bu gün çoxvektorlu, milli maraqlara əsaslanan qətiyyətli və praqmatik xarici siyasət yürüdür. Təkcə MDB məkanında deyil, ümumilikdə regionda və beynəlxalq arenada nüfuzu durmadan artır. Xüsusilə də Cənubi Qafqazda aparıcı güc mərkəzi olan Azərbaycan, dünya ilə sıx əməkdaşlıq edən və qlobal inteqrasiyaya açıq bir ölkə kimi tanınır Azərbaycanın MDB çərçivəsində tutduğu mövqe, bu təşkilatdakı xüsusi çəkisi və digər ölkələrin Azərbaycana olan inamı, hörməti və etibarı bunun bariz sübutudur. Bu baxımdan, Prezident İlham Əliyevin Düşənbə səfəri çərçivəsində keçirilən görüşlər, əldə olunan razılaşmalar və yaranan siyasi dinamika münasibətlərin gələcəyi üçün olduqca mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə