Qida sənayesi nəhəngi “Nestlé” 2027-ci ilin sonunadək 16 000 iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu xəbər Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) həmkarlar ittifaqı tərəfindən sərt tənqid olunub. “Nestlé”də CFDT-nin federal katibi və həmkarlar ittifaqının koordinatoru Kristof Kofman “franceinfo”ya verdiyi açıqlamada qərarı dramatik adlandırıb.
“Nestlé”nin səhmləri zəifləyib, ciddi itkilər var. Səhmdarlara yenidən inam aşılamaq istəyirlər. Təəssüf ki, bugünkü dünyada səhmdarları sakitləşdirməyin ən effektiv yolu işçilərin ixtisarıdır”, – deyə Kofman qeyd edib.
SIA xəbər verir ki, ixtisarların təxminən 12 mininin idarəçi və ofis işçiləri, 4 mininin isə istehsalat sahəsində çalışanlar olacağı gözlənilir.
CFDT nümayəndəsi əməkdaşları səssiz qalmamağa, sayıq və fəal olmağa çağırıb. Həmkarlar ittifaqı “Nestlé” rəhbərliyinin bu qərarına qarşı səfərbərlik və təzyiq vasitələri ilə cavab verəcəyini bəyan edib.
“Nestlé”də yaxın aylarda çətin və gərgin sosial dialoqlar gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə