Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU - TERAPEVT AÇIQLADI

Müasir dövrdə insanların həyat keyfiyyəti artsa da, erkən ölüm hallarının sayı hələ də az deyil. Həyat tərzi, ətraf mühit, genetik faktorlar və psixoloji gərginlik kimi bir çox amil insanın sağlamlığına və ömrünün uzunluğuna birbaşa təsir edir. Bəs, erkən ölüm riskini artıran əsas amillər hansılardır? Genetik meyillilik nə dərəcədə təsir edir? Yaşayış şəraitini yaxşılaşdırmaqla riski azaltmaq mümkündürmü?

Məsələ ilə bağlı terapevt Aynurə Rzayeva SİA-ya açıqlamasında bildirib ki, vaxtsız ölüm riskini artıran əsas amillər bir neçə qrupda toplanır.

Onun sözlərinə görə, bunlara ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, piylənmə, xərçəng növləri, siqaret və alkoqol istifadəsi, fiziki hərəkətsizlik və psixoloji stress daxildir: "Bunların hər biri orqanizmin funksiyalarını zəiflədərək həyat müddətini qısalda bilər. Eyni zamanda, yol-nəqliyyat qəzaları, bəzi infeksiyalar və ətraf mühitin çirklənməsi də vaxtsız ölümlərin səbəbləri sırasındadır. Genetik meyillilik də mühüm rol oynayır. Məsələn, ailəsində infarkt, insult, diabet və ya onkoloji xəstəliklər olan insanlarda bu problemlərlə qarşılaşmaq riski digərlərinə nisbətən daha yüksək olur. Amma bu o demək deyil ki, bu insanlar mütləq bu xəstəliklərə tutulacaqlar. Genetik risk olsa belə, düzgün həyat tərzi və mütəmadi tibbi yoxlamalarla bu riski minimuma endirmək mümkündür.

Yaşayış şəraitinin yaxşılaşdırılması da çox önəmlidir. Təmiz su, sağlam qidalanma imkanı, havanın keyfiyyəti, gigiyena qaydalarına əməl olunması, tibbi xidmətə əlçatanlıq və psixoloji rifah – bunların hamısı insan sağlamlığına birbaşa təsir edir. Maddi və sosial durum yaxşılaşdıqca insanlar həm sağlamlığını qorumağa daha çox diqqət yetirir, həm də vaxtında həkimə müraciət edə bilir.

Sağlam həyat tərzi üçün isə ilk növbədə düzgün və balanslı qidalanma, gündəlik fiziki aktivlik (ən azı 30 dəqiqə piyada gəzinti belə kifayət edə bilər), kifayət qədər yuxu, zərərli vərdişlərdən uzaq durmaq (siqaret, alkoqol), stressin idarə olunması və profilaktik müayinələrə vaxtında getmək vacibdir. Hər bir insan öz həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun plan qurmalı və orqanizmini tanımalıdır. Unutmaq olmaz ki, sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, həm də fiziki, psixoloji və sosial rifah halıdır. Ona görə də hər sahədə balanslı və diqqətli olmaq, həm bədəni, həm də zehni qayğıda saxlamaq vaxtsız ölüm riskini azaltmağa kömək edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə