"Heydər Əliyev müstəqilliyi qorumaqla kifayətlənmədi, ona strateji mahiyyət verdi" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanın dövlət müstəqilliyinə gedən yol, əslində, təkcə bir siyasi proses deyil, yüz illərlə formalaşan milli yaddaşın, azadlıq iradəsinin və dövlətçilik düşüncəsinin bərpası idi. Bu yolun hər mərhələsində xalqın iradəsi, milli birliyi və lider amili həlledici rol oynadı. Amma müstəqilliyin qorunması və dövlətçiliyin bərqərar olması Heydər Əliyev və İlham Əliyev kimi liderlərin siyasi uzaqgörənliyi sayəsində mümkün oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, 1991-ci ildə müstəqillik bərpa olunsa da, onun ilk illəri ciddi böhranlarla müşayiət olundu – daxili çəkişmələr, iqtisadi tənəzzül, xarici təhdidlər, separatizm təhlükəsi. Həmin dövrdə dövlətin süqut etməsi real təhlükə idi. Xalqın təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O, xaosu sabitliklə, parçalanmanı milli birliklə, inamsızlığı dövlət quruculuğu ideyası ilə əvəz etdi: "Heydər Əliyev yalnız müstəqilliyi qorumaqla kifayətlənmədi, onu strateji mahiyyətlə doldurdu. O, müstəqil Azərbaycanın beynəlxalq tanınmasını, konstitusion əsaslarının formalaşmasını və güclü ordu quruculuğunu təmin etdi. Onun “Müstəqilliyi qorumaq, onu əldə etməkdən daha çətindir” fikri bu gün də siyasi fəlsəfə kimi yaşayır. İlham Əliyevin hakimiyyətə gəlişi isə həmin müstəqillik fəlsəfəsinin müasir mərhələyə daşınması oldu.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi, diplomatik və hərbi müstəqilliyini real gücə çevirdi. Onun dövründə ölkə təkcə enerji sahəsində deyil, beynəlxalq siyasətdə də söz sahibi olan güc mərkəzinə çevrildi. Ən mühümü, Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək dövlət müstəqilliyinə faktiki tamlıq gətirdi. Ulu Öndərin siyasi məktəbi və İlham Əliyevin çağdaş liderlik üslubu bir-birini tamamlayan iki mərhələdir: biri müstəqilliyin bərpasını, digəri onun əbədi möhkəmlənməsini təmin etdi. Bu, liderliyin ardıcıllığı, dövlət idarəçiliyində davamlılığın ən parlaq nümunəsidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz maraqlarını açıq şəkildə müdafiə edən, regional təşəbbüsləri diktə edən, suveren siyasət yürüdən dövlətdirsə, bu, həm xalqın milli iradəsinin, həm də Heydər Əliyev - İlham Əliyev liderlik tandeminin uğurlu sintezinin nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə