"İlham Əliyevin Tacikstan səfəri Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ açdı" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Tacikstana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında verdiyi mesajlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, amma hər kəs razılşar ki, bu səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Prezidenti ilə Putin arasında keçirilən görüşlə bağlıdır. Bu görüş təkcə Azərbaycan və Rusiya ictimaiyyəti tərəfindən deyil, eləcə də dünya mətbuatı tərəfindən olduqca diqqətlə izlənilirdi: "Bu görüş Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra Putinə ad günü təbriki və Pekində ayaqüstü salamlaşmanı nəzərə almasaq, dövlət başçıları səviyyəsində ilk dialoq olması baxımından xüsusi məna daşıyır. Görüşdə liderlərin çıxışı və verilən bəyanatlar bir daha onu göstərdi ki, Moskva təzyiq, təhdid yolu ilə hər hansı üstünlük əldə edə bilmədiyini dərk edərək Bakının haqlı mövqeyini qəbul etdi. Putin tərəfindən təyyarəmizin vurulmasına görə üzr istənilməsi, hadisəyə görə məsuliyyətin qəbul edilməsi, zərərçəkən ailələrə kompensasiya ödənilməsi və hadisədə günahı olan şəxslərin hüquqi müstəvidə cəzalandırılacağına dair verilən bəyanatlar Rusiya tərəfindən siyasi etiraf kimi qəbul oluna bilər.
Nəzərə alaq ki, Putinin 25 illik hakimiyyəti dövründə o, cəmi iki dəfə üzr ifadəsi işlədib və bunların ikisi də Azərbaycanın Prezidentinin timsalında Azərbaycan xalqına ünvanlanan üzrxahlıq olub.

Putinin gecikmiş də olsa səhvləri etiraf etməsi onu göstərdi ki, Azərbaycanla münasibətlər yalnız qarşılıqlı hörmətə, bərabərhüquqluluğa əsaslandığı halda davamlı ola bilər. Əks halda hər hansı gün Azərbaycanı haqlı və prinsipial mövqeyindən geri çəkilməyə məcbur edə bilməz. Məhz Azərbaycanın prinsipial mövqeyi Rusiyanı reallıqlarla barışmağa məcbur etdi deyə bilərik.

Düşünürəm ki, bu görüş Azərbaycan-Rusiya münasibətlərində gərginliyin yumşaldılması və yeni diplomatik mərhələnin başlanğıcı üçün imkanlar açmaqla yanaşı, Rusiyada anti-Azərbaycan mövqeyindən çıxış edən media qurumları, ekspertlər, deputatlar və rəsmi şəxslər üçün də bir siqnal olacaq. Onların da öz liderlərindən nümunə götürüb Azərbaycandan üzr istəməsi yaxşı olardı".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə