"Bu gün Füzuli Azərbaycanın gələcək inkişaf modelinin simvoluna çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu gün - 17 oktyabr Füzuli şəhəri günüdür. İşğaldan azad olunmuş Füzuli şəhərinin bugünkü inkişaf səviyyəsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən bariz göstəricilərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal altında qalan, tamamilə dağıdılmış və infrastrukturu məhv edilmiş Füzuli bu gün tamamilə yeni sima qazanır. Qısa müddət ərzində şəhərdə yollar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və ictimai binalar inşa olunub: "Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bu ərazini regionun mühüm nəqliyyat və logistik mərkəzinə çevirib. Bu, təkcə şəhərin iqtisadi potensialını artırmır, həm də Qarabağın turizm, ticarət və investisiya baxımından cəlbediciliyini yüksəldir. Füzuli bu gün həm müasir memarlıq üslubunda, həm də “ağıllı şəhər” konsepsiyasına uyğun şəkildə bərpa olunur. Füzulinin timsalında bütün azad edilmiş ərazilərdə eyni yanaşma müşahidə olunur: əvvəlcə mina təmizlənməsi və infrastrukturun bərpası, sonra yaşayışın və sosial həyatın canlandırılması həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər göstərir ki, Azərbaycan bərpa prosesinə təkcə fiziki tikinti kimi deyil, həm də milli dirçəliş, mədəni yenidənqurma və sosial inteqrasiya kimi yanaşır.
Bu gün Füzuli və digər azad olunmuş ərazilər təkcə işğaldan azad edilmiş torpaqlar deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin simvoluna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa siyasəti nəticəsində bu ərazilər ölkənin iqtisadi, sosial və strateji xəritəsində mühüm yer tutur. Azərbaycan bu torpaqlarda həyatın bərpası ilə öz ədalətli Qələbəsini sülh, inkişaf və tərəqqi modelinə çevirir".
Bütün xəbərlər Facebook səhifəmizdə