"Bu insan qeyri-adi idi, sözün əsl mənasında tarın bayraqdarı idi" - Mənsum İbrahimov DANIŞDI

"Bizim Ramiz müəllimlə bir işbirliyimiz olmuşdu. Beş nəfər idik - Alim Qasımov, Nəzəkat Teymurova, Aqil Bayramov, Aqil Məlikov və mən. Rast simfonik muğamını yeni versiyada yazmaq lazım idi. Bir ay ərzində məşqlər etdik, üzərində işlədik və sonda yazdıq". Bu sözləri Xalq artisti Ramiz Quliyevin vida mərasimində SİA-ya özəl açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, daha sonra dövlət televiziyası tərəfindən bu əsər Azərbaycanın bir neçə tarixi bölgəsində lentə alındı. O məşqlərə necə məsuliyyətlə, necə tələbkarlıqla yanaşırdı, biz hər dəfə tez getsək də, görürdük ki, Ramiz müəllim artıq gəlib, tar sənətində oturub bizi gözləyir. Bu insan qeyri-adi idi, sözün əsl mənasında tarın bayraqdarı idi: "Mən onunla dostluq edirdim, tez-tez zəngləşirdik, məsləhətləşirdik. Bir çox xarici səfərlərdə birgə olmuşuq, onun böyük ifalarının canlı şahidi olmuşam. Mən nə deyə bilərəm... Allah ruhunu şad eləsin, yaxınlarına başsağlığı verirəm. Ən əziz xatirəm isə odur ki, biz Ağdamda bir təməlqoyma mərasimində iştirak etdik. Sonra Şuşada - 2021-ci ildə Cıdır düzündə, 2022-ci ildə Xarıbülbül festivalında iştirak etdik. Hər dəfə o torpaqlara necə sevgi ilə qayıtdığını, orada çıxış etdiyini, çiçəkləri topladığını, torpağı qarış-qarış gəzdiyini gördüm. Allah ona rəhmət eləsin".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə