Plastik qapı və pəncərələrin qiymətində artım müşahidə olunur? - EKSPERT AÇIQLADI

“Azərbaycanda ümumiyyətlə, qiymətlərin bahalaşma tendensiyası ilboyu davam edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Yəni, ərzaq məhsulları hər həftə, hər ay bahalaşır. Amma məsələn, 10 ildən bir, 5 ildən bir insanlara lazım olan qapı, pəncərə kimi məhsullar hər gün bahalaşa bilmir. Çünki onlara ciddi tələbat yoxdur. Ona görə də müəyyən bir dövr keçdikdən sonra, ildə bir dəfə və ya iki ildən bir bu məhsullara ehtiyac yaranır. Yəni, bu sahədə də qiymətlər bazar qiymətlərinə uyğun olaraq bahalaşır.

Məsələn, heç bir xərc çəkmədən evimizin ətrafından göbələk yığırıq. Bu, təbii şəkildə bitən göbələklərdir və ona görə də biz heç bir xərc çəkmirik. Aparıb bunu bazarda satırıq. Amma bazarda ona müəyyən bir qiymət qoyuruq. Zaman keçdikcə görürük ki, bazarda bütün qiymətlər bahalaşır. Biz əvvəl bir səbət göbələk satıb, evə lazım olan ərzaq məhsullarını alıb qayıdırdıq. Amma görürsən ki, əvvəlki qiymətlərlə həmin məhsulları ala bilmirsən. Bu səbəbdən göbələk satan da məcbur olub qiyməti qaldırır. Çünki bu, bazarın şərtlərinə uyğun tənzimlənir. Yəni, bazarda bütün qiymətlər qalxıbsa, göbələyin də qiyməti qalxmalıdır.

Mən hesab edirəm ki, plastik qapı-pəncərələrin qiymətinin qalxması da bununla bağlıdır. Yəni, qapı-pəncərə və onun kimi məhsullar ölkədə qiymət artımını stimullaşdıran əsas amillərdən biri deyil. Bu məhsulların qiymətləri sadəcə olaraq bazar qiymətlərinə uyğunlaşır və nəticə etibarilə bahalaşır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə