"Onların texniki vəziyyəti şübhə doğura bilər" - AYDINLIQ GƏTİRİLDİ

“Ümumiyyətlə, ehtiyat hissəsi avtomobil üçün çox vacibdir. Bəzi hallarda yenisini almaq daha məqsədəuyğundur. Təbii ki, köhnə ehtiyat hissələrindən də istifadə etmək mümkündür, amma bu, onların vəziyyətindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının nümayəndəsi Eyyub Əliyev deyib.

Eyyub Əliyev sözlərinə belə davam edib: “Məsələn, avtomobilin gövdəsində yerləşən bufer zədələnibsə, onun yerinə işlənmiş bufer də qoyula bilər. Eyni şey faralara da aiddir. Əgər faraların müəyyən hissələrində zədə varsa, onların da işlənmişini istifadə etmək mümkündür. Amma avtomobil daxilində yerləşən mühüm detallar yenisi ilə əvəzlənməlidir. Çünki işlənmiş hissələr hansısa qəza keçirmiş avtomobildən çıxarılıb və onların texniki vəziyyəti şübhə doğura bilər.

Ona görə də avtomobilin daxili detalları üçün yenə də ehtiyat hissələrinin alınması yaxşı olar. Amma qeyd etdiyim kimi, gövdəsində, buferində, faraların şüşəsində və ya güzgülərində olan hissələri işlənmiş şəkildə ala bilərik. Digər detalları isə yeni almaq daha məqsədəuyğundur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə