Azərbaycan Türkiyə ilə yeni laboratoriya şəbəkəsinin qurulmasına dair yeni müqavilə imzalayıb - FOTOLAR

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) yeni laboratoriya şəbəkəsinin qurulması ilə bağlı Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında yeni müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, sənədi iki qurumun rəhbəri - Xamis Seyranov və Mustafa Çetintaş imzalayıb.

Müqaviləyə əsasən, AzMİ-nin nəzdində 10 yeni laboratoriyanın qurulması, həmçinin 4 mövcud laboratoriyanın təkmilləşdirilməsi işləri nəzərdə tutulub. Yeni laboratoriyalarda qazlarda və mayelərdə kalorifik dəyərlər, qaz metrologiyası, üzvi və qeyri-üzvi kimya, akustik, fırlanma anı, qaz və su sərfiyyatı, gərginlik və cərəyan üzrə ölçmə və kalibrlənmə işləri həyata keçiriləcək.

Bundan əlavə, sənəddə yeni laboratoriyaların cihaz və avadanlıqlarla təchiz olunması, proqram təminatının tətbiqi və əməkdaşların müvafiq sahələr üzrə təlimlərə cəlb edilməsi də nəzərdə tutulub.

İmzalanma mərasimində Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllü, Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun rəhbəri Mustafa Çetintaş, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Azərbaycan Metrologiya İnstitutunun Baş direktoru Xamis Seyranov çıxış edərək tərəflər arasında metrologiya sahəsində strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Beynəlxalq standartlara cavab verən laboratoriyaların məhsulların xarici bazarlara sərbəst çıxışına töhfə verəcəyi, bununla da ölkənin ümumi ixrac potensialının artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. Həmçinin iki qardaş ölkə ilə metrologiya sahəsində əməkdaşlığın hazırda uğurla həyata keçirildiyi və gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 2023-cü ildə TÜBİTAK UME ilə imzalanmış müqaviləyə əsasən, AzMİ-də 12 yeni laboratoriyanın qurulması prosesi uğurla həyata keçirilməkdədir. Belə ki, layihə çərçivəsində ötən ilin noyabr ayında həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 yeni laboratoriyanın açılışı olub. Həmçinin digər 7 laboratoriyanın da cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə