Bakıda “Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu” başa çatıb - FOTOLAR
Aprelin 24-25-də Bakıda "Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu" keçirilib. SİA-nın məlumatına görə, forum ilk dəfə beynəlxalq “GLENMAR Group” şirkətinin himayəsi altında təşkil olunub və öz platformasında qlobal və milli neft-qaz şirkətlərinin, neft treyderlərinin, Xəzəryanı və Mərkəzi Asiya regionu ölkələrinin milli dəmir yollarının rəhbərlərini, Xəzər və Qara dəniz neft terminallarının, dəniz ticarət donanmalarının və bazarın digər mühüm iştirakçılarının nümayəndələrini bir araya gətirib.
İki gün davam edən forum müzakirə üçün geniş spektrli məsələləri əhatə edib: yüksək volatillik və bazarın qeyri-müəyyənliyi şəraitində ticarət sövdələşmələri, risklərin sığortalanması və ticarətin maliyyələşdirilməsi, nəqliyyat və terminal infrastrukturunun genişləndirilməsi və bir çox digər məsələlər.
“GLENMAR Group”un baş direktoru Vyaçeslav Mişenko bildirib ki, forum neft-qaz bazarının indiki dövrdə şəxsi ünsiyyət imkanı tapmaqda çətinlik çəkən bütün peşəkarları üçün inklüziv ünsiyyət platforması kimi nəzərdə tutulub və təşkil edilib.
"Xəzər regionu və Mərkəzi Asiya Avrasiya qitəsində neft istehsalı, ticarəti və nəqlində mühüm rol oynayır. Sürətlə dəyişən siyasi və iqtisadi konyunktura şəraitində Xəzər regionu və Mərkəzi Asiya qlobal neft bazarında mühüm oyunçulara çevrilib, burada neft istehsalçısı olan ölkələr ticarət və logistika əməliyyatlarını fəal şəkildə genişləndirir", - o söyləyib.
“SOCAR Midstream Operations” şirkətinin Dayanıqlılıq və Biznesin İnkişafı Departamentinin rəhbəri Rüfət Qəmbərov qeyd edib ki, forum regionda dayanıqlı infrastrukturun inkişafı ilə bağlı əsas çağırışları və perspektivləri müzakirə etmək üçün əvəzsiz imkan olub.
O əlavə edib ki, bazar iştirakçıları arasında birbaşa dialoq səmərəli həllərin tapılmasına və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə kömək edir.
Forumun sonunda təşkilatçılar və iştirakçılar yekdilliklə regionda bütün bazar iştirakçıları arasında dialoq və işgüzar əlaqələrin gücləndirilməsi üçün bu platformanın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə