Azərbaycanda “Sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi” sənədi hazırlanıb
Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi birlikdə kənd təsərrüfatı bizneslərinin maliyyə əlçatanlığının artırılması məqsədilə “Sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi” sənədi hazırlayıb. SİA xəbər verir ki, bunu Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, layihədəki banklar və digər maliyyə institutları vasitəsilə aqrar sektora kredit məhsullarının genişləndirilməsi təşəbbüsü əsasında ABA nəzdində xüsusi işçi qrupu yaradılıb.
"İşçi qrupunun fəaliyyəti çərçivəsində 2024-cü ilin oktyabrında Türkiyəyə səfər təşkil olunub, orada kənd təsərrüfatı kreditləşməsi, eyni zaman da sığorta mexanizmi ilə bağlı təcrübə öyrənilib, təkliflər paketi hazırlanıb, AMB-yə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) və Aqrar Sığorta Fonduna təqdim olunub. Bu il aprelin 9-da AKİA ilə görüş keçirilib. Görüşdə ABA-nın təklifləri müzakirə edilib, xüsusilə bankların kənd təsərrüfatı kreditlərini verən zaman təhlil məqsədləri ilə daxil ola biləcəkləri vahid platformalar üzrə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, sahibkarların kənd təsərrüfatı kreditlərinə çıxış imkanları və bu zaman yaranan şirakətlərlə bağlı da addımların atılması yönündə ilkin razılıq əldə edilib. Həmçinin bank-fermer münasibətlərinin gücləndirilməsi məqsədi ilə AKİA-nın təşkil etdiyi tədbirlərə ABA və bankların da cəlb edilməsi müsbət qarşılanıb. Aprelin 17-də isə kənd təsərrüfatı kreditləşməsi ilə bağlı sahibkar şikayətlərinin ABA-ya təqdim olunması üçün AKİA-ya müraciət olunub. Əldə ediləcək siyahı əsasında sahibkarların ortaq problemləri müəyyən ediləcək, şikayətlər araşdırılmaqla yanaşı onların nəticələri təhlil proseslərində və gələcək təkliflərin hazırlanmasında əsas rolunu oynayacaq", - deyə icraçı direktor qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə