"Banklar müştərilərinin kartından pul çıxırsa, öncədən müştəriyə məlumat verməlidir" - EKSPERT ŞƏRH ETDİ

"Bankların müştərilərinin kartından hər hansı yolla "sığorta pulu adı altında" pul çıxılırsa bunu öncədən müştəriyə məlumat verərək ona bildirməlidirlər. Hesab edirəm ki, bununla bağlı narazı olan insanlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş formada qurumlara müraciət edib və məlumatları dəqiqləşdirə bilərlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, ilk növbədə insanlar bununla bağlı bankın özünə müraciət etməlidirlər. Daha sonra problem davam edərsə Mərkəzi Banka müraciət edərək öz haqlarını tələb edə bilərlər: "Əgər bu kütləvi xarakter daşıyırsa, banklar bunu ilk olaraq dəqiqləşdirməlidirlər və daha sonra vəsaiti müştərilərə məlumat verərək hesabdan çəkməlidirlər. Əgər bu elə də geniş yayılmayıbsa, qarşısı alınmalıdır. Bunun son nümunəsi isə sosial şəbəkələrdə yayılmış xəbərlərdə "Kapital Bank"la bağlı idi. Son zamanlar "Kapital Bank" tərəfindən bəzi müştərilərin razılığı və xəbəri olmadan kart hesablarından müəyyən məbləğlər çıxılması halları müşahidə olunur. Əsasən 12 AZN kredit sığortası, 12.90 AZN isə kiber hücumlardan qorunma sığortası adı ilə bu vəsaitlər tutulur. Bu cür ödənişlərin müştəriyə əvvəlcədən məlumat verilmədən və razılıq alınmadan çıxılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən, hər hansı əlavə xidmət və ya ödəniş yalnız müştərinin açıq razılığı ilə tətbiq oluna bilər. Müştərinin xəbəri olmadan hesabdan pul çıxılması qanunsuz hesab olunur. Bu kimi hallarla qarşılaşan müştərilər aşağıdakı addımları ata bilərlər:
Bankla əlaqə saxlayaraq vəsaitin nə səbəbdən çıxıldığını soruşmalı və razılıq vermədiklərini əsas gətirərək geri qaytarılmasını tələb etməlidirlər. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar öz hüquqlarını bilməli, banka etiraz etməkdən çəkinməməlidirlər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə