Gəncədə “İrəvan” Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dəyirmi masada çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov Qərbi Azərbaycana qayıdışın milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırır və ADAU olaraq, gənclərimizi bu istiqamətdə maarifləndirmə işini daim diqqət mərkəzində saxlamalıyıq.

Sonra Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Mahirə Hüseynova, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digərləri çıxış edərək, Qərbi Azərbaycana qayıdışın təkcə siyasi deyil, eyni zamanda, tarixi və mədəni aspektlərdən də mühüm məsələ olduğunu diqqətə çatdırıblar. Həmçinin Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin əsas vəzifələrdən biri olduğu qeyd edilib.

Sonda Mahirə Hüseynova özünün “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili” və “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” adlı kitablarını tədbir iştirakçılarına təqdim edib.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının binasında “İrəvan” Xalq Çalğı Alətləri Ansamblının konserti keçirilib, "İrəvanda xal qalmadı", "Sonalar kimi", "Bu qız İrəvanlıdır", "Zəngəzur butası", "Göyçə gülü" və "Gümrünün faytonları" kimi qədim xalq mahnıları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə