Teatırlarımızın bugünkü vəziyyəti NECƏDİR? - RƏYLƏR

10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 151-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

SİA olaraq Milli Teatr Günümüzlə bağlı Milli Məclisin deputatı Aqil Abbasın fikirlərini öyrəndik.

Deputat bildirib ki, bu gün bizim gözəl tamaşalarımız səhnəyə qoyulur: "Teatrlarımız yaxşı şəkildə fəaliyyət göstərirlər. O demək deyil ki, tamaşaçılar teatrlara üz tutmursa deməli vəziyyət yaxşı deyil. Elə tamaşalarımız var ki, orada adam əlindən yer olmur. Mən özüm də tamaşalara tez-tez gedirəm. Elə olur ki, bir tamaşaya 3 dəfə getmişəm. Nəzər yetirdikdə isə görürəm ki, insanlar üstünlük təşkil edir. Hər bir tamaşanın öz tamaşaçısı var. İndi biraz camaat kitabdan ayrı düşüb ona görə tamaşaçı qıtlığı yaranır. Amma teatrlarımız gözəl fəaliyyət göstərirlər. Hətta region teatrlarımızda da vəziyyət qənaətbəxşdir. Dövlət tərəfindən teatrlar üçün hər bir şərait yaradılıb. Bu sahədə də maaşlar artırılıb. Həmçinin aktyorlarımız seriallara da çəkilirlər. Bizim çox güclü aktyor potensialımız var. Tamaşa gözəl qurulanda və təbliğatı güclü olandan sonra hər şey yaxşı nəticələnir. Bəzən televiziyalarda da tamaşalar verilir. Bu da insanalrın teatra olan marağının artmasına səbəb olur".

Tanınmış aktyor Bəhram Bağırzadə deyib ki, artıq o 4 ildir teatr səhnəsində çıxış etmir: "Ona görə də bu barədə düzgün danışmağım düzgün olmaz. Amma bir tamaşaçı kimi teatra getmirəm. Buna səbəb işlərimin çox olmasıdır. Lakin yaxın zamanlarda işlərimi səhmana saldıqdan sonra tamaşaya baxmağa gedəcəm. Futbolu sevən insan olaraq heç ora belə gedə bilmirəm. Bu pis hal deyil. Yəni işlərim çox olur deyə vaxt çatdıra bilmirəm. Rəhmətlik anamın yaxşı bir sözü var idi, o deyirdi ki, "Allah-tala heç bir Azərbaycan kişisini işsiz qoymasın, Çünki işsiz kişi acizliyə üz tutur. Bu da böyük problemlərə səbəb ola bilər". Şükür Allaha təki işimiz çox olsun, işləyək sonra vaxt tapıb gedərik teatra".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə