Qubada Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yubiley gecəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorun qızı, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşasını təqdim edib.
Quba Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə istedadı ilə adını kino tariximizə qızıl hərflərlə yazdırmağı bacaran Bəşir Səfəroğlunun həyat və yaradıcılığından geniş söz açılıb.
Bildirilib ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmlərində çəkilib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. Bəşir Səfəroğlu 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə