Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirlikdən bildirilib ki, təqdimat mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Çıxışlarda dahi şairin Azərbaycan və türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına verdiyi töhfələr danışılıb, nəşrin əhəmiyyəti yüksək qiymətləndirilib.

Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gələn nəşrin birinci cildinə 186 şeir, 7 poema, 13 pyes, ikinci cildə isə 13 hekayə və 2 roman daxil edilib. Hər iki kitabda Füzuliyə və onun əsərlərinə aid 226 rəsm əsəri verilib. Hədiyyəlik nüsxələr kimi yüksək poliqrafik səviyyədə hazırlanan nəşr ümumilikdə 1140 səhifədən ibarətdir. Oxucular iki əsr ərzində Məhəmməd Füzuliyə həsr edilən bu bədii mətnlər vasitəsilə qüdrətli söz sənətkarının ədəbi kimliyinə daha yaxından bələd ola biləcəklər.

Çıxışlardan sonra bədii hissə təqdim olunub. Fəxrəddin Salim, Mütəllim Dəmirov, Aişən Mehdiyeva, Elgiz Əliyevin ifasında Füzulinin əsərlərinə bəstələnən mahnılar ifa edilib. Həmçinin Əməkdar artist Hüsniyyə Mürvətova, Kamran Yunis, Hüseynağa Abbasov, Sabirə Abdullayeva, Tural Əhməd və Yaşar Kamal şairin şeirlərini bədii qiraət ediblər. Sonda “Çiçək” uşaq teatrının hazırladığı “Meyvələrin söhbəti” tamaşası nümayiş olunub.

Qeyd edək ki, nəşrin layihə rəhbəri “Azərnəşr”in direktoru vəzifələrini icra edən Xəyal Məmmədov, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, dizayneri Mətanət Babayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə