Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında bütün uşaqlar və yeniyetmələri peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak etməyə dəvət edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, festival, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə təşkil olunur.
Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda hər bir iştirakçı istedadını nümayiş etdirərək, festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edə bilər.
Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalanmaq olar.
Qeyd edək ki, festival boyunca iştirakçıların ruh yüksəkliyini qorumaq və artırmaq məqsədilə müxtəlif düşərgələr, master-klaslar, incəsənət xadimləri ilə görüşlər və bir-birindən maraqlı tədbirlər həyata keçiriləcək.
Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək.
İştirak üçün qeydiyyat bu gündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq.
Əlavə məlumat üçün Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə