“Şair, tərcüməçi Dilsuz Mustafayev və professor Zeydulla Ağayev” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada “Şair, tərcüməçi Dilsuz Mustafayev və professor Zeydulla Ağayev” adlı ənənəvi kitab sərgisi açılıb. SİA xəbər verir ki, sərgidə şair, tərcüməçi Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktor olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, professor Zeydulla Ağayevin isə əsərləri, tərtib və tərcümələri, ön söz yazdığı, redaktor olduğu, rəy verdiyi kitablar, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Şair, tərcüməçi Dilsuz Murtaza oğlu Mustafayev (Dilsuz) 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitiutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Bədii yaradıcılığa 70-ci illərdən başlayıb. Dilsuzun yaradıcılığı poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrini əhatə edir. O, eyni zamanda, çox sayda bədii, publisistik əsərlərə redaktorluq edib, rejissor, ssenarist kimi də fəaliyyət göstərib. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verən Dilsuzun şeirləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Sözlərinə musiqilər bəstələnib. Dilsuz müstəqillik dövrü uşaq ədəbiyyatının inkişafında müstəsna rol oynayıb, bənzərsiz nümunələr yaradıb. O, uşaqlar üçün 80-dən çox nağıl yazıb, mövcud nağılları yenidən işləyib, necə deyərlər, milliləşdirərək nəşr etdirib.
Azərbaycan filoloq alimi, tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev 1945-ci il martın 2-də Masallı rayonunda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, ali məktəbin “Bilik” qəzetinin redaktoru olub. Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb. Professor bir sıra nəsr kitablarının -“Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. müəllifidir.
Sərgi bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə