Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Əliağa Vahid adına kitabxana filialının birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair-qəzəlxan Ə.Vahidin 130 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

SİA-nın məlumatına görə, MKS-dən bildirilib ki, tədbirdə əvvəlcə qəzəlxana həsr edilən videoçarx nümayiş olunub.

Gecədə çıxış edən tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Ə.Vahidin yaradıcılığından söz açıb.

Şair, yazıçı, jurnalist Əvəz Qurbanlı bildirib ki, M.Füzuli, S.Ə.Şirvani və Ə.Vahid Azərbaycanın ədəbiyyat tarixində dərin iz buraxan şairlərdir. Ə.Vahidin qəzəlləri xanəndələr vasitəsilə xalqa ötürülüb və sevilib.

Qəzəlxan Xəqani Əmini qeyd edib ki, Ə.Vahidin sadə dildə yazdığı qəzəllərdə dərin fəlsəfi mənalar olub. Qəzəlxan Ə.Vahidin qəzəlini səsləndirib.

Meyxanaçı Mehman Əhmədli, aktyor, Əməkdar artist Qorxmaz Əlili, şair və yazıçılar Əli Ələmi, Gülzar İbrahimova, Gülarə Munis, Qadir Hüseynov, Mahcamal Babayeva, Firudin Qurbansoy, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir şairin həyat və yaradıcılığından söhbət açıblar.

Tədbirin bədii hissəsində xanəndə, beynəlxalq və respublika müsabiqələri laureatı Maya Cəbrayılova, 22 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə