“Tarix və tarixi şəxsiyyət hər an özünü göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Məlumdur ki, Prezident İlham Əliyev görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Mirzə Qədim İrəvani çox böyük bir rəssamdır və belə böyük, xüsusilə unudulmaqda olan sənətkarları həmişə dövlətimiz çalışıb ki, ortaya çıxarsın, yüksək qiymətləndirsin, xalqımız da tanısın”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nizami Cəfərov deyib.
Nizami Cəfərov sözlərinə belə davam edib: “Cənab Prezidentin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı həm bu baxımdan qiymətlidir, həm də başqa bir mühüm əhəmiyyəti var ki, Qərbi Azərbaycan məsələsi bu gün Prezidentimizin söylədiyi kimi aktual bir məsələdir və Azərbaycanın siyasi strategiyasına daxil olan məsələlərin içərisindədir. Biz bununla həm də dünyaya göstərmək istəyirik ki, Azərbaycan Prezidentinin qərarı və bu qərardan irəli gələn nəticələr səviyyəsində Qərbi Azərbaycanda, xüsusilə İrəvan şəhərində Azərbaycanın böyük mədəniyyəti olub, görkəmli istedadları yetişiblər. Ona görə də İrəvanini kiminsə ixtiyari şəkildə mənimsəmək imkanı yoxdur. Çünki tarix və tarixi şəxsiyyət hər an özünü göstərir. Bununla kiminsə kiminsə mədəniyyətini süni şəkildə mənimsəməyi ortaya çıxır.
Ona görə də həm böyük bir sənətin qiymətləndirmək baxımından bu qərarın əhəmiyyəti var, həm də Qərbi Azərbaycanın həmişə bir Azərbaycan torpağı, xüsusən də İrəvanın mədəniyyət mərkəzi olaraq Azərbaycan xalqının yaradıcılığının məhsulu olmağını bir daha dünyaya sübut edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə