Tbilisidə “Tıq-Tıq xanım” tamaşasının premyerası olub

Tbilisidə “BEEZ” Uşaq Teatrının Abdulla Şaiqin mənzum hekayəsi əsasında hazırladığı “Tıq-tıq xanım” tamaşasının premyerası olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tamaşa Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub.

Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu bildirib ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsinə kömək göstərməklə yanaşı, onların ədəbiyyata, mədəniyyətə marağını artırmaqdır. Tamaşada gürcü dostların da yaddan çıxmadığını vurğulayan B.İslamoğlu deyib: “Bu günədək teatrın kollektivi Azərbaycan, gürcü və dünya ədəbiyyatından seçmə əsərlər əsasında müxtəlif tamaşalar hazırlayıblar. Biz bu dəfə də Abdulla Şaiqin hekayələrinə üz tutduq. Bundan əvvəl də tamaşamız Abdulla Şaiqin “Çoban” hekayəsi əsasında hazırlanmışdı. Tamaşa bölgəmizdəki məktəblərdə də nümayiş etdirildi və çox bəyənildi. “Tıq-Tıq xanım” hekayəsini səhnələşdirmişik. Bu dəfə biz “Tıq-Tıq xanım” hekayəsini daha müasir bir formatda hazırlamışıq”.

Qeyd edək ki, tamaşa müasir və xalq musiqilərinin sintezi, eləcə də rəqslərdən ibarət olaraq qurulub. Tamaşada tülkünün həccə getməsi süjeti də sintez olunub. Bu da tamaşaya maraqlı və fərqli bir yanaşma gətirib.

Tamaşada gürcü dostlar da yaddan çıxarılmayıb. Belə ki, Xan sarayına gürcü qonaqlar dəvət olunub və bu da əsərə xüsusi bir gözəllik və rəng qatıb.

Tamaşada rolları teatrın balaca aktyorları Rəhimə Əliyeva, Səma Ləzgiyeva, Nuri Qurbanov, Seymur Muradov, İslam Akif, Nuray Əhmədova, Rabia Əhmədova, Zəhra Akif, Əzəm Əfəndiyeva, Milana Əliyeva, Məryəm Əliyeva, Gövhər Nəsibova, Əli Bayramov oynayıblar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə