Milli Kitabxanada Gənclər Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “2 Fevral – Gənclər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. SİA xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, gənclərdə milli ruh, COP29-a töhfə verən könüllü Azərbaycan gəncləri, ən böyük gənclər festivalı "Yay Fest", Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən və Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Qeyd olunub ki, əlamətdar tarix gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi, bundan bir il sonra Gənclər Gününün elan edilməsi, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və s. görülən işlər gənclərə böyük diqqət və qayğısının göstəricisidır.

Ulu Öndərin gənclər siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir.

Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, hüquqi baza təkmilləşdirilib, uşaq və gənclər qeyri-hökumət təşkilatları yaradılıb, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılıb.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Artıq Azərbaycan gəncləri müstəqillik və süverenlik dövründə yaşayır. Müstəqil Azərbaycanın gənc nəsli Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə, dəyərlərə bağlılığı ilə seçilir. Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verir.

Virtual sərgi ilə https://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə