Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib. SİA xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edərək 2023-cü və 2024-cü illər üzrə ölkəmizdə mədəniyyət sahəsinin mənzərəsinə nəzər salıb. Nazir Mədəniyyət Nazirliyi tərəfindən ötən dövrdə görülmüş işlər, qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Adil Kərimli çıxışının sonunda Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Daha sonra mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov və başqalarının müvafiq sahələr üzrə fəaliyyətə həsr olunan məruzələri dinlənilib. Həmçinin Naxçıvan Muxtar Respublikası (NMR) mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov NMR-in Mədəniyyət Nazirliyi tərəfindən 2023–2024-cü illərdə görülmüş işlərə dair məruzə ilə çıxış edib.
Daha sonra kollegiya iclası sual-cavab formatında davam edib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu, mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Cəsarət Valehov və Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış ediblər. Müvafiq sahələr üzrə çağırışlar və hədəflər müzakirə olunub.
Sonda iclas iştirakçılarının sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə