Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Odlar Yurdu Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu il tədbir “Çin İli-Birlikdə” mövzusunda təşkil olunub.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyin müvəqqəti işlər vəkili Ding Tao Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb, eləcə də bu tədbirin təşkilində göstərdikləri yüksək səylərə görə Xəzər Universiteti və Bakı Dövlət Universitetinin Konfutsi İnstitutuna təşəkkürünü bildirib.

“5 gündən sonra biz Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və ən geniş təsirə malik ənənəvi bayramlarından biri olan Bahar bayramını, yəni Yeni ili qeyd edəcəyik. Çinlilər artıq 4000 ildən çoxdur ki, Bahar bayramını böyük coşqu və rəngarəng adətlərlə qeyd edirlər. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün xəngəl bükür, bahar lövhələri və Yeni il şəkilləri asır, fişənglər atır, lampalarla küçələri bəzəyərək ailəliklə bir araya toplaşırlar. Bahar bayramı ilə Azərbaycanın Novruz bayramı arasında mədəni məzmun baxımından oxşarlıqlar mövcuddur. Hər iki bayram ailə birliyini vurğulayan, yeniliyə qədəm qoyulan və yazın gəlişinin sevinclə qarşılandığı xoşbəxt anları ifadə edir. Həmçinin hər iki bayram həm Çin, həm də Azərbaycan xalqlarının ailəyə önəm vermə, zəhmətkeşlik və daha gözəl bir həyata olan ümidi kimi ümumi mədəni ənənələrini əks etdirir.

Bahar bayramı yalnız Çinin deyil, eyni zamanda, bütün dünyanın bayramıdır. 2023-cü ilin dekabrında BMT-nin 78-ci sessiyası qərar qəbul edərək Bahar bayramını rəsmi olaraq BMT tətili elan edib. 2024-cü ilin dekabrında isə UNESCO Bahar bayramını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Dünya üzrə Bahar bayramının geniş qeyd olunması müxtəlif ölkələrdən olan insanlara Çin mədəniyyətini öyrənmək, Çin müdrikliyini hiss etmək və qarşılıqlı dostluğu gücləndirmək üçün yeni bir mədəni pəncərə açır. Eyni zamanda bu, qlobal mədəniyyət təşəbbüsünü dəstəkləmək, dünya mədəniyyətlərinin müxtəlifliyinə hörmət etməyi təşviq etmək üçün real bir addımdır. Bu, fərqli mədəniyyətlərin harmonik birgə yaşayışını, qarşılıqlı inkişafını və mübadiləsini ifadə edən gözəl bir vizyonu təcəssüm etdirir”, - deyə diplomat qeyd edib.

Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bildirib ki, Çin xalqının Bahar bayramı adlandırdığı bu bayram ölkənin minilliklərə əsaslanan tarixi təcəssüm etdirir.

“Bu bayram Çinin zəngin mədəni irsini yaşadan və müasir dünyaya təqdim edən gözəl bir misaldır. İki aydan sonra Azərbaycan da Bahar, Novruz bayramını belə qeyd edəcək. Bu da xalqlarımızın sahib olduğu mədəniyyətlər arasındakı oxşarlıqdan xəbər verir. Bu gün Azərbaycanın və Çin dövlət başçıları səviyyəsində qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətləri, siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə davam edir. Digər tərəfdən qlobal əhəmiyyətli və aktual mövzulara dair beynəlxalq tədbirlər təşkil edilir, birlikdə həyata keçirdiyi layihələr Azərbaycan-Çin münasibətlərinin inkişafında önəmli rola malikdir. Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, əlaqələrimiz çox qədim zamanlara söykənir. Bu münasibətlərin yaranmasında xüsusilə tarixi İpək yolu çox vacib rol oynayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin gözəlinin obrazını yaratmışdı. Nizami Çin qızını dünyanın yeddi gözəllərindən biri olaraq təqdim edib. Bu, hələ XII əsrdə Azərbaycanın Çinə olan münasibətinin göstəricisidir. Belə örnəklər çoxdur. Əminəm ki, Çin və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq hər zaman dinamik şəkildə artmaqda davam edəcək”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Sonra Konfutsi İnstitutunun müəllim və tələbələri müxtəlif səhnəciklər təqdim edib, rəqslər və Çin xalq mahnıları ifa edib, şeirlər söyləyiblər.

Tədbir Çin çay mərasimi və kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması) ilə davam edib.

Sonda tədbirdə keçirilən lotereya qaliblərinə Çin səfirliyi tərəfindən hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə