Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi çıxışında bu bir il ərzində yaradıcı komanda tərəfindən müxtəlif layihələr üçün post-prodakşna müraciətlərin daxil olduğunu bildirib. O qeyd edib ki, filmlərin çəkilişi artıq başa çatıb, lakin onların tam hazır olması üçün əlavə dəstək və resurslara ehtiyac olduğu açıq-aşkar görünür.
İlqar Fəhminin sözlərinə görə, bu müddət ərzində təqdim olunan layihələrdən ikisi - “Narqız” və “Erkən Hisslər” 2023-cü il müsabiqəsində ssenarisi qəbul olunan ən uğurlu işlərdən sayılır. O, xüsusilə qeyd edib ki, “Tərsinə Kölgələr” adlı film də diqqətəlayiqdir. Film öz hesabına çəkilib və yalnız post-prodakşn mərhələsində dəstək alıb.
Tədbirdə çıxış edən ARKA-nın baş direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu və agentliyin bədii şurasının üzvü, kinorejissor Yavər Rzayev bildiriblər ki, Azərbaycan kinosunun inkişafına töhfə vermək məqsədilə müxtəlif istiqamətlərdə mühüm işlər həyata keçirilir.
Vurğulanıb ki, son dövrlərdə təqdim olunan filmlərdən hər biri intellektual dərinliyi, yaradıcılıq baxışları və milli dəyərlərin təbliği ilə seçilir. Xüsusilə, müasir yanaşmalar və aktual mövzuları əhatə edən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə böyük maraq doğurur.
Sonra “Narqız” animasiya, "Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlər nümayiş olunub.
“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsinin qalib işlərindəndir. Ekran işini gənc rejissor Nurlan Həsənli lentə alıb.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.
Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə