Biz gözəl tədbirdə - YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin yekun sərgisinin açılışında iştirak edirik. Onun təşkilatçısı YARAT Müasir İncəsənət Məkanıdır. Sərgi bu məktəbdə birillik dərs dövrünü yekunlaşdırır. Orada təhsil almaq üçün müsabiqə yolu ilə 33 tələbə seçilib. Sərgidə 22 rəssam iştirak edir, zalda 4 layihə nümayiş etdirilir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə YARAT Müasir İncəsənət Məktəbində müəllif kursunun rəhbəri, Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya müsahibəsində deyib.
“YARAT Müasir İncəsənət Məktəbi unikal bir qurumdur. Burada müasir incəsənət təkcə rəssamlar üçün deyil, həm də kuratorlar, art-menecerlər, art-tənqidçilər və art-tədqiqatçılar üçün məqsədyönlü şəkildə tədris olunur. YARAT Müasir İncəsənət Mərkəzi olaraq məktəbin layihəsini tam dəstəkləyirik. XX-XXI əsrlər Rəssamlıq Muzeyində keçirilən yekun sərgidə müxtəlif əsərlər: texnikalar, videolar, instalyasiyalar, tamaşalar və hər cür multimedia layihələri təqdim olunur. Onları bir konsepsiya birləşdirir - sonludan sonsuza qədər. Tələbələr öz vizual həllərini təqdim edirlər. Hesab edirəm ki, sərgi çox maraqlıdır, iştirakçı gənclər isə inanılmaz dərəcədə istedadlıdırlar. İlboyu mədəniyyətimizin tanınmış nümayəndələri və xarici incəsənət xadimləri, art-tənqidçilər, rəssamlar öz təcrübələrini bölüşmək üçün məktəbə gəlirdilər. “Düşünürəm ki, nəticə tamaşaçıların da xoşuna gələcək və onlara həm müasir incəsənət, həm də vizual layihələrini həyata keçirmək üçün tələbələrin gəldiyi fəlsəfi mülahizələrini daha yaxşı dərk etmək imkanı verəcək”, - deyə o vurğulayıb.
Rəssamların yaradıcılığında texnoloji inkişafın və süni intellektin rolunu vurğulayan S.Şıxlinskaya qeyd edib: “Əgər texnologiyalardan ağılla istifadə edilsə, o zaman düşünürəm ki, insan hər zaman bütün prosesləri idarə edə bilir. Sərgidə məktəb tələbələrinin süni intellektdən istifadə etdiyi bir neçə əsər var, lakin bu, onların bədii layihələrində üstünlük təşkil etmir, yalnız müəyyən köməkçi rol oynayır”.
Bunun artıq ikinci məktəb olduğunu qeyd edən müəllif kursunun rəhbəri növbəti mövsümün keçirilməsinin 2026-cı ilə planlaşdırıldığını bildirdi: “Belə bir proqramın hazırlanması çox böyük əməkdir. Biz təcrübəni uyğunlaşdırırıq, nəyisə dəyişdiririk, nəsə əlavə edirik və yeni layihə yaradırıq. Artıq iştirak etmək istəyənlər çoxdur. Bu tsikl üçün bir yer uğrunda 7 nəfər mübarizə aparırdı. Hesab edirəm ki, növbəti layihəyə də bundan az olmayacaq. Ona görə də hazırlıq bir qədər vaxt aparacaq və 2026-cı ildə üçüncü məktəbi açacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə