“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi "Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlayıb. İctimai Birlikdən SİA-ya bildirilib ki, layihə səkkiz ay müddətində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Abşerondan 35 orta məktəbin 10 və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.
Müsabiqənin nəticələrinə əsasən, hər məktəbdən seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.
Bu layihə, gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə