Bir qrup jurnalist “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə təltif olunub - FOTOLAR
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib. SİA xəbər verir ki, Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.
“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı məlumat verib. Bildirib ki, gələcəkdə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.
Tədbirdə digər çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətindən danışıblar.
Çıxışlardan sonra hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.
Sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib. Media Mükafatına layiq görülənlər arasında AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədov da var.
Bütün xəbərlər Facebook səhifəmizdə