Azərbaycan Bəstəkarlar İttifaqının qocaman üzvlərinə 90 illik yubiley medalı təqdim olunub - FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda İttifaqın 90 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. SİA xəbər verir ki, tədbir il ərzində İttifaqda baş verən musiqili hadisələrin yekunu olmaqla yanaşı, həm də yeni not nəşrlərinin təqdimatı və təşkilatı məsələlərə həsr edilmişdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bildirib ki, cari ildə İttifaqda 90 illik yubileyə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Gəncə və Şuşada səyyar plenumlar, Şəkidə “İpək yolu” XIII Beynəlxalq Musiqi festivalı, eləcə də gənc bəstəkarların plenumu, xaricdə keçirilən yubiley konsertləri, Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yeni əsərlərinin səsləndiyi musiqi festivalları uğurla keçirilən möhtəşəm tədbirlərdəndir. Bütün bu tədbirlər musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və müxtəlif mətbuat səhifələrində işıqlandırılmışdır.

Yubiley ili çərçivəsində tanınmış bəstəkarlar və musiqişünasların yaradıcılığına, həmçinin musiqi elminin aktual problemlərinə həsr olunmuş kitab və broşürlər işıq üzü görmüşdür.

Bu tədbirdə isə belə silsilə nəşrlərin davamı kimi forma və məzmunca fərqli olan yeni layihə təqdim edilib. Bəstəkarlar İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının Şanlı Zəfərə həsr olunmuş yeni vokal-simfonik əsərlərinin partiturası nəşr olunub. Bütün bu əsərlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Şanlı Qələbəsindən ruhlanaraq ərsəyə gəlib və ilk dəfə olaraq Qələbə gününə həsr olunmuş bayram konsertində Heydər Əliyev Sarayında səslənib. Yeni nəşrlərin əsas məqsədi ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda bu əsərlərin təbliği ilə bağlıdır.

Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik əsərləri” adlı iri həcmli silsilə nəfis tərtibatla nəşr edilib. Silsiləyə 5 bəstəkarın əsəri daxil olunub: Firəngiz Əlizadə “Zəfər marşı”, Cəlal Abbasov “Şanlı Azərbaycan”, Sərdar Fərəcov “Azad Şuşa”, Məmməd Cəfərov “Nər oğlum”, Rəna Qədimova “Azərbaycanım”. Bu, nəzərdə tutulmuş silsilənin I cildidir. Ümumilikdə, 18 əsərin not mətni əhatə olunacaq. Layihənin bədii rəhbəri Firəngiz Əlizadədir.

Layihənin iştirakçısı olan hər bəstəkara kitabın bir nüsxəsi təqdim olunub.

Yubiley ilə əlaqədar olaraq, “Azərbaycan Bəstəkarlar İttifaqı-90” yubiley medalı təsis olunub və bu medal İttifaqın qocaman üzvləri üçün nəzərdə tutulub. Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva və Həcər Babayeva yubiley medalı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə