Azərbaycanlı yazıçı Çində “İlin şairi” mükafatına layiq görülüb - FOTO
ABŞ-də yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov Çində keçirilən Boao Beynəlxalq Poeziya Mükafatları mərasimində “İlin şairi” mükafatına layiq görülüb. Diasporla İş üzrə Dövlət komitəsindən SİA-ya verilən məlumata görə, tədbir mədəni və humanitar əməkdaşlığın təmini məqsədilə Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən ənənəvi olaraq təşkil edilir.
Qeyd edək ki, Aleksandr Səlimov ABŞ-nin Delaver Universitetinin professorudur. O, eyni zamanda Amerika Şairlər Akademiyasının üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir.
Onun kitabları sırasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə