Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə Yeni il bayramı qeyd olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyimizin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyimizin Mədəniyyət Mərkəzində əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək məktəbin müəllim kollektivini, şagirdləri, onların valideynlərini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb.
Sonra “Natəvan” məktəbinin şagirdlərinin Yeni il münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub. Qışın simvolu olan Şaxta baba uşaqlara Yeni il hədiyyəsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə